Mayın 4-də UNEC-də ümummilli lider Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunan “Azərbaycanda milli iqtisadi
sistemin formalaşması və inkişafı” mövzusunda respublika
elmi-praktiki konfrans keçirilib.
Konfransdan öncə UNEC kollektivi Fəxri xiyabanda xalqımızın
ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül
dəstələri düzüblər, əziz xatirəsini dərin ehtiramla yad
ediblər.
Millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, elm
xadimləri və digər qonaqların iştirak etdiyi konfransın açılışında
UNEC-in rektoru professor Ədalət Muradov, Yeni Azərbaycan Partiyası
sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika
Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər.
Rektor Ədalət Muradov, ulu öndərin zəngin iqtisadi irsinin
öyrənilməsinin əhəmiyyətindən söz açaraq, dahi liderin uğurlu
siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafının təmin
olunduğunu, iqtisadiyyatda demokratiyanın bərqərar edildiyini,
qiymətlərin liberallaşdırıldığını, tələb-təklif mexanizminin işə
düşdüyünü, özəlləşdirməyə start verildiyini, xarici investorların
ölkəmizə cəlb edilməsi istiqamətində ciddi əsasların yaradıldığını,
eləcə də Azərbaycan vətəndaşının rifahının əhəmiyyətli dərəcədə
yüksəldiyini bildirib.
Rektor Azərbaycanın iqtisadi modelinin bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük müharibədə
əldə edilən zəfərin əsasında məhz bu iqtisadi modelin dayandığını
diqqətə çatdırıb.
YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, DSK-nin sədri
Tahir Budaqov ulu öndərin çoxşaxəli fəaliyyətindən, eləcə də
sosial-iqtisadi konsepsiyasının prioritetlərindən danışıb.
Ümummilli liderin aqrar sahədə, milli təhsilin inkişafında, milli
hərbi kadrların hazırlanmasında, eləcə də azərbaycançılıq
ideologiyasında göstərdiyi misilsiz xidmətlərindən söz açıb.
Sonra millət vəkili Vüqar Bayramov “Ümummilli Lider Heydər
Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda,
kafedra müdiri professor Ümidvar Əliyev “Azərbaycanda bazar
iqtisadi sisteminin formalaşmasının nəzəri əsasları və
xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanlının “Zamana
sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi”
adlı monoqrafiyasının təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən komitə sədri Sadiq Qurbanlı
monoqrafiyanın ərsəyə gəlməsi barədə məlumat verib. Dörd fəsildən
ibarət olan monoqrafiyada ulu öndərin siyasətinin fəlsəfi
mahiyyətinin, iqtisadi, siyasi, mədəni quruculuq və milli
ideologiyanın formalaşması sahəsində göstərdiyi misilsiz
xidmətlərinin, həmçinin Prezident İlham Əliyevin davam etdirdiyi
uğurlu sosial-iqtisadi siyasətin, Birinci vitse-prezident Mehriban
Əliyevanın xoşməramlı missiyasının yer aldığını bildirib.
Sonra AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif
Həşimov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın
həqiqi üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli, millət vəkili
Fatma Yıldırım ulu öndərin dövlət quruculuğundakı misilsiz
xidmətlərindən söz açıblar, monoqrafiyanın ümummilli liderin zəngin
irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacağını
diqqətə çatdırıblar.
Çıxışlardan sonra millət vəkili Sadiq Qurbanlının iştirakı ilə
monoqrafiyanın imzalanması mərasimi olub.
Konfrans mayın 5-də “Azərbaycanın milli inkişaf modeli”,
“Maliyyə, bank, mühasibat və audit sisteminin inkişaf modeli”,
“Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı”, “Azərbaycanda
intellektual və yaradıcılıq potensialın inkişafı”, “Qarabağda yeni
iqtisadiyyat quruculuğu: imkanlar və perspektivlər” mövzularında
bölmə iclasları ilə davam edəcək.