UNEC rektoru professor Ədalət Muradov Tələbə Elmi
Cəmiyyəti (TEC) və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım”
İctimai Birliyinin (SUES) sədrləri ilə görüşüb.
Rektor universitetdə yeni elmi baxışların yaranmasının
vacibliyinə diqqət çəkərək, tələbələrin bu istiqamətdə mühüm
töhfələr verə biləcəklərini vurğulayıb. UNEC-də beynəlxalq
bazalarda indeksləşən jurnallarda çıxan hər məqaləyə görə
müəllimlərlə yanaşı, tələbələrə də 4500 manatadək qonorarın
verildiyini və bir neçə tələbənin bu imkandan yararlandığını
bildirib. Rektor elmi potensialı və tədqiqat bacarığı olan
tələbələrin aşkarlanması, bu bacarıqların yüksəldilməsi, gənc alim
kimi yetişdirilməsi məqsədilə universitetin mümkün resurslarından
istifadənin davam etdiriləcəyini deyib.
Sonra TEC-in elmi rəhbəri dosent Emin Qəribli tələbələrin ötən
dövr ərzində elmi fəaliyyəti və görülmüş işlər barədə məlumat
verib.
Tədbirdə tələbələrin elmi fəaliyyətə cəlb olunması imkanları
müzakirə edilib və təkliflər dinlənilib. Tələbələrin böyük marağına
səbəb olan UNEC Science Slam elmi yarışının yenidən davam
etdirilməsi, tələbə elmi jurnalının yaradılması, praktiki
biliklərin artırılması məqsədilə tələbələr arasında keys yarışların
təşkili, gündəmə aid iqtisadi, sosial, elmi müzakirələrin
aparılması, onlayn elmi müzakirə platformasının yaradılması, xarici
universitetlərin tələbələri ilə birgə tədqiqatların aparılması və
s. təkliflər səsləndirilib.