UNEC-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib (FOTO)

UNEC-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin
məlumat sessiyası keçirilib.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Beynəlxalq
Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Qoşulmama Hərəkatı
barədə tələbələrə məlumat verib. Sülhün, təhlükəsizliyin,
beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək
məqsədilə Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə
qoşulduğunu bildirib. Qısa müddət ərzində ölkəmizin Qoşulmama
Hərəkatının üzvləri arasında böyük etimad və hörmət qazandığını,
Azərbaycanın 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri
seçildiyini diqqətə çatdırıb.

Sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi katibliyinin
rəhbəri Ceyran Cəfərova və Qoşulmama Hərəkatının Gənclər
Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə Hərəkatın Gənclər
Şəbəkəsinin yaradılmasının məqsədi və fəaliyyəti barədə danışıblar.
Bildiriblər ki, əsas məqsəd Qoşulmama Hərəkatına üzv dövlətlərindən
olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların
qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı
olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir
mübadiləsinə şəraitin yaradılmasıdır. Çıxış edənlər gələcək
layihələr barədə məlumatı da tələbələrlə bölüşüblər, gəncləri bu
istiqamətdə fəal olmağa dəvət ediblər.

UNEC-in prorektoru dosent Şaiq Əsgərov Qoşulmama Hərəkatının 44
günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi dəstəkdən söz açıb.
Prorektor tələbələrin Hərəkatın Gənclər Şəbəkəsində fəallığını
artırmaq məqsədilə UNEC-də həmin Şəbəkənin universitet üzrə
nümayəndəliyinin yaradılmasını təklif edib.

Tədbirdə Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan videoçarx
nümayiş olunub.

Sonra tələbələrlə sual-cavab sessiyası keçirilib.

Teqlər: