UNEC-də “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın və
Şərqi Zəngəzurun alban abidələri” adlı kitabın təqdimatı olub.

UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, professor
Məhəbbət Paşayevanın müəllifi olduğu kitabın təqdimat mərasimində
rektor professor Ədalət Muradov, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, Azərbaycan
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav
Kilsəsinin Bakı Yeparxiyasının katibi Aleksey Nikonorov, Alban Udi
xristian icmasının sədri Robert Mobili, millət vəkilləri Ceyhun
Məmmədov, Nizami Cəfərov, Anar İskəndərov, AMEA-nın institut
direktorları, akademiklər və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində multikulturalizmlə bağlı kitab və
eksponatlardan ibarət sərgi, eləcə də alban abidələrinə həsr
olunmuş videoçarx nümayiş olunub.

Rektor professor Ədalət Muradov təqdim olunan kitab barədə tədbir
iştirakçılarına məlumat verərək, alban abidələrindən bəhs edən elmi
kataloqda ölkəmizin tarixi, Qarabağ və Şərqi Zəngəzurun alban
abidələrinin keçmişi və bu günkü vəziyyəti, eləcə də onların
falsifikasiya edilməsi faktlarının əks olunduğunu bildirib.
Professor Ədalət Muradov ölkəmizin ərazisindəki 200-dən artıq alban
abidəsindən bəhs edən kitabın, alban mədəniyyətinin öyrənilməsi və
gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacağını diqqətə
çatdırıb. Rektor kitabın ideya müəllifi akademik Kamal Abdullaya,
müəllif professor Məhəbbət Paşayevaya, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin rəhbərinə belə dəyərli tədqiqat əsəri
ərsəyə gətirdikləri üçün təşəkkürünü bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan
Həsənov ermənilərin qədim alban abidələrimizlə bağlı məlumatları
saxtalaşdırmağa çalışdıqlarına diqqət çəkərək, Azərbaycanın qədim
Qafqaz Albaniyasına aid mədəni-tarixi irsinin öyrənilməsi,
həqiqətlərin bütün dünyaya çatdırılması baxımından kitabın nəşr
olunmasını uğurlu layihə kimi dəyərləndirib. R.Həsənov bu cür
layihələrin davamlı olacağını, Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən kitabın müxtəlif dillərdə çap edilərək, geniş
ictimaiyyətə təqdim olunacağını deyib.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci
müavini Səyyad Aran, millət vəkillərindən Ceyhun Məmmədov, akademik
Nizami Cəfərov, professor Anar İskəndərov, AMEA Tarix İnstitutunun
direktoru professor Kərim Şükürov, Folklor İnstitutunun direktoru
akademik Muxtar İmanov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının
sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının
katibi Aleksey Nikonorov, Alban Udi xristian icmasının sədri Robert
Mobili, UNESCO Türkiyə Milli Komisyonu Başkanı Pr.Dr Ocal Oğuz
çıxış edərək, Qarabağın və Şərqi Zəngəzurun alban abidələrinin
tarixinin tədqiq edilməsini yüksək qiymətlənrirərək, aparılan
tədqiqatların əhəmiyyətindən danışıblar.

Kitabın müəllifi, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin
rəhbəri, professor Məhəbbət Paşayeva Qafqaz Albaniyası dövrünə aid
tarixi abidələrin tədqiqi məqsədilə dəfələrlə Qarabağ və Şərqi
Zəngəzur bölgələrinə səfər etdiyini bildirib. O, Qarabağda gedən
dirçəliş və yenidənqurma işlərinin bir parçasının da Ermənistan
işğalının Qarabağ və Zəngəzurda abidələrimizə vurduğu zərərin
dünyaya tanıdılması işi olduğunu diqqətə çatdırıb. Müəllif Qarabağ
və Şərqi Zəngəzurun alban abidələrindən bəhs edən elmi kataloqdan
tədqiqatçıların, tələbələrin, eləcə də Qafqaz Albaniyasının tarixi
ilə maraqlanan hər kəsin bəhrələnə biləcəyini vurğulayıb.

Beynəlxalq Magistratura bə Doktorantura Mərkəzinin əməkdaşı Röya
Sultanova tərəfindən hazırlanmış əl işləri və UNEC Multikulturalizm
Tədqiqat Mərkəzinin tədqiqatçısı, Dizayn kafedrasının müəllimi
f.ü.f.d. Aynur Rzayeva tərəfindən sərgilənən rəsm əsərləri böyük
maraqla qarşılanıb və Aynur Rzayevanın müəllifi olduğu “Xudavəng
Monastrı” rəsm əsəri Alban Udi xristian icmasına hədiyyə
edilib.

Hibrid formada təşkil olunan tədbirə yerli iştirakçılarla yanaşı,
Türkiyə, Kanada, Almaniya, Rusiya, Niderland, İngiltərə və s.
xarici ölkələrdən qonaqlar da qoşulub.

“Şuşa ili” çərçivəsində keçirilən tədbir UNEC Tədqiqat
Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC
Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş
tutub.

Teqlər: