UNEC-də Elm Festivalına yekun vuruldu (FOTO)

UNEC-də Elm Gününə həsr olunan Elm Festivalının bağlanış
mərasimi keçirilib.

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, AMEA İdarəetmə
Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və
universitetin professor-müəllim heyəti iştirak edib.

UNEC rektoru professor Ədalət Muradov bir ay davam edən Elm
festivalı çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu
diqqətə çatdıraraq, elmin populyarlaşdırılması istiqamətində
işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Rektor
UNEC-də iqtisadiyyat və elm sahəsi üzrə yetərincə kadr
potensialının olduğunu, bu potensialın aşkarlanması istiqamətində
yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə çoxsaylı
təlimlərin keçirildiyini vurğulayıb. Elmin kommersiyalaşdırılması
məsələsinə toxunan Ə.Muradov bununla bağlı mövcud problemlərdən və
onun həlli yollarından da danışıb. Universitet-akademiya-iş
dünyasının birgə əməkdaşlığının bu istiqamətdə faydalı olacağını
qeyd edib.

Sonra Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin
direktoru professor Zahid Məmmədov Elm Festivalı barədə hesabatla
çıxış edib. Professor festival çərçivəsində konfrans, dəyirmi masa,
elmi-praktiki seminar, açıq elmi-populyar mühazirə, debat, master
klass, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında
məlumatlandırma və treninqlər olmaqla 33 tədbirin, eləcə də kitab
sərgisi və kitab təqdimatının keçirildiyini deyib. Məruzəçi
çıxışında universitetlərdə elmi tədbirlərin təşkilində ənə­nəvi
yanaşmanın dəyişməsi zərurəti yarandığını diqqətə çatdıraraq,
təkliflərlə çıxış edib.

Tədbirdə iştirak edən AMEA İdarəetmə Sistemləri İnstitutunun baş
direktoru akademik Əli Abbasov Elm festivalının nəticələrini yüksək
qiymətləndirərək, UNEC-in elm sahəsində son illərdə qazandığı
nailiyyətlərlə qürur duyduğunu ifadə edib. Akademik ölkədə elm
sahəsində aparılan uğurlu islahatları və mövcud problemləri
iştirakçıların diqqətinə çatdırıb. UNEC ilə İdarəetmə Sistemləri
İnstitutu arasında əməkdaşlıq imkanlarından da söz açan akademik
Əli Abbasov, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından
əminliyini bildirib.

Sonra UNEC ilə İdarəetmə Sistemləri İnstitutu arasında
əməkdaşlıq memorandumu imzalanıb. Akademik Əli Abbasov və professor
Ədalət Muradovun imzaladığı sənədə əsasən, tərəflər arasında
patentləşdirilmiş ixtiraların tətbiqi və kommersiyalaşdırılması,
tərəfdaşların tapılması, əqli mülkiyyət və müəllif hüquqlarının
qorunması və inkişaf perspektivlərini dəstək­ləyən tədbirlərin
keçirilməsi, ixtira, faydalı model və sənaye nümunələrinə yerli və
beynəlxalq patentlərin alınması, texnoloji transfer və
innovasiyalar üzrə birgə milli proqramların hazırlanması və
tətbiqi, patentləşdirmə və müəllif hüququna dair birgə tədbirlərin
təşkil edilməsi və s. nəzərdə tutulub.

Teqlər: