UNEC-də 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə
UNEC-də silsilə tədbirlər, xüsusi dərslər keçirilib, universitet
kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət
edib.

UNEC kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət
edərək, abidənin önünə gül dəstələri düzüblər, soyqırım
qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

UNEC-in bütün fakültələrində təşkil olunan tədbirlərdə soyqırım
qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib, soyqırıma həsr olunan videoçarxlar nümayiş olunub.

Çıxış edənlər 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər
tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il
anmaqla, bu terroru dünyaya çatdırmağın vacibliyindən danışıblar.
Bildirilib ki, soyqırım zamanı daşnak-bolşevik lideri erməni Stepan
Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və
ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə
martın 31-də 8 minə yaxın azərbaycanlı öldürmüşdür. Qırğınlar
zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı
vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə
quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında
və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr
törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və
kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların
yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmişdir. 50 mindən çox
soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə
yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır.
Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa
çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə
yetirilmişdir.

Qeyd olunub ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər
Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla
ilk dəfə bu hərbi cinayətə siyasi-hüquqi qiymət verilib və
azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması
faktları bütün dünyaya bəyan edilib. Hazırda isə Prezident İlham
Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan
qaldırılması, respublikamızın ərazi bütövlüyünün təmin olunması,
aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən
ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi
istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır.

Teqlər: