Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş minifutbol çempionatı yekunlaşıb (FOTO)

Mayın 16-20-da Fövqəladə Hallar Nazirliyinin (FHN)
İdman-sağlamlıq klubunun stadionunda nazirliyin qurumları arasında
ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş minifutbol çempionatı keçirilib.

Bu barədə AzerTimes-a
nazirliyin mətbuat xidmətindən bildiriblər.

FHN işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq
klubunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin,
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə
keçirilən çempionatda nazirliyin Aparatı və qurumlarının ümumilikdə
19 komandasından 190-a yaxın idmançı iştirak edib.

Çempionatın final mərhələsini gənclər və idman naziri Fərid
Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli
Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir
Həsənzadə və yarışda iştirak edən komandaların təmsil etdikləri
qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Babək
Quliyev olub.

Əvvəlcə, FHN-in İdman-sağlamlıq klubunun inzibati binasında
ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül
dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları İdman-sağlamlıq klubunun İdman guşəsi
ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında
çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, FHN-in
İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, FHN işçilərinin
Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir
Həsənzadə Ulu Öndərin keçdiyi şərəfli və mənalı həyat yoluna
tarixi-xronoloji nəzər salaraq vurğulayıblar ki, müasir
Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı
ilə sarsılmaz tellərlə bağlıdır. Qeyd olunub ki, son onilliklər
ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəliş məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Çıxışçılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin və xalqımızın
rifahı naminə gördüyü mühüm işlərdən danışıblar.

Füzuli Musayev gənclər və idman naziri Fərid Qayıbova və
AFFA-nın texniki direktoru Cahangir Həsənzadəyə çempionatın
keçirilməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib və
xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, çempionatda iştirak edən komandalar dörd qrupa
bölünüb və dörd qrupdan birinci və ikinci yerləri tutanlar növbəti
tura vəsiqə qazanıb. Üçüncü yer uğrunda keçirilən görüşdə Xüsusi
Riskli Xilasetmə Xidmətinin komandası Mülki müdafiə qoşunlarının
komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb.
Finalda isə Maddi-texniki Təchizat İdarəsinin komandası Dövlət
Yanğından Mühafizə Xidmətinin komandasına qalib gələrək çempionatın
qalibi olub.

Çempionatda ən yaxşı qapıçı Vüqar Qadaşlı, ən çox qol vuran
oyunçu Turxan Əliyev, veteran oyunçu Rasim Əliyev, əzmkar komanda
isə Mülki müdafiə qoşunlarının komandası olub.

Sonra qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim
olunub.

Teqlər: