Ümummilli lider bu cür anılır…

Ümummilli lider bu cür anılır…

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür.

AzerTimes bununla bağlı ölkə daxilində və xaricdə keçirilən tədbirlərin bir qismini təqdim edir:

– Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş tədbirlər təşkil olunub.

– Ankaradakı Heydər Əliyev Parkında ümummilli liderin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, AKP-nin beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan və digər rəsmi şəxslər iştirak ediblər.

– Daxili İşlər Nazirliyi (DİN) Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda əbədiyaşar liderin xatirəsini yad edib. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Nazirliyin bir qrup rəhbər heyəti Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

– Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri Xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

– “Yüksəliş” müsabiqəsinin təşkilatçılığı ilə Azərbaycan Alpinizm Federasiyasının “Qartal” Dağçılıq İdman Klubunun bir qrup üzvü Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən Heydər zirvəsinə qalxaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib. Onlar burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandıraraq Ulu Öndərin xatirəsinə “Yüksəliş sənin adınla başlayır!” mesajını veriblər.

– Dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub. Tədbirdə İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Gənc, Sarıyer bələdiyyəsinin, konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-in və QHT-lərin nümayəndələri iştirak ediblər.

– Dekabrın 12-də Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Teqlər: