Ümidvaram azad edilmiş Azərbaycan torpaqlarında bir daha müharibə olmayacaq.
Bunu AzerTimes-a müsahibəsində Bosniya və Herseqovinadan olan jurnalist Edis Delkoviç Türk Şurası üzv ölkələrinin mətbuat nümayəndələrin və müşahidəçilərinin Azərbaycanın azad edilmiş ərazilərinə mediaturu zamanı deyib.
“İlk dəfədir Qarabağdayam, bir neçə ölkədən bir qrup jurnalistlə bura gəlmişəm. İlk təəssürat kimi deyə bilərəm ki, Bosniyada yaşadığımızlarla oxşar cəhətlər var, 1992-1995-ci illərdə bizdədə müharibə olub. Buna görə də müharibənin nə olduğunu çox yaxşı bilirəm. Belə yerləri görəndə deyə bilərəm ki, müharibə həqiqətən qorxunc bir şeydir və ümid edirəm ki, bir daha burada belə bir şey olmayacaq”, – bosniyalı jurnalist deyib.
Qeyd edək ki, mediatur çərçivəsində Türk Şurası üzv ölkələrin mətbuat nümayəndələri və müşahidəçiləri Azərbaycanın azad edilmiş ərazilərində olublar.
Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan 20 -dən çox jurnalist iştirak edir.
Səfər erməni vandalizminin nəticələri, ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrini və tarixi abidələrini məhv etməklə bağlı media nümayəndələrini məlumatlandırmaq məqsədi daşıyır.
Üç günlük səfər zamanı jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncəni ziyarət edəcəklər. Səfərin ilk günündə Füzulidə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin nümayəndələri ilə görüş, minatəmizləmə prosesinin müşahidəsi, Alxanlı məscidinə baş çəkmə, habelə Cəbrayıl şəhərində dağıntıların miqyası ilə tanışlıq planlaşdırılıb. Jurnalistlər məhv edilmiş müsəlman tarixi və dini abidələrini, qəbiristanlıqlarını görəcəklər.