Azərbaycan Respublikasının neft-qaz sənayesində əhəmiyyətli yeri
olan Ümid-Babək layihəsi çərçivəsində “Ümid-1 Stasionar Dəniz
Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi üzrə işlər
uğurla davam etdirilməkdədir.
SOCAR-dan AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən icra edilən layihə şirkətin
tarixində beynəlxalq təcrübəyə əsaslanan, innovativ texnologiyaları
və müasir avadanlıqları tətbiq etməklə həyata keçirilən ilk
layihələrdəndir. Layihənin əsas hədəfi “Ümid-1” özülündən nəql
sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları
qazmaqla hasilatı artırmaqdır.
İlkin hesablamalara görə Xəzər dənizində yerləşən Ümid qaz
yatağının ümumi ehtiyatı 200 mlrd. m3 qaz və 40 mln.
m3 kondensat həcmindədir.
Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq,
gündəlik 3 mln m3 qaz və 470 ton (3600 barel) kondensat
hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə Daşgil terminalına
nəql etdirilir. “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ)-dən
hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra
gündəlik təhlükəsiz qaz hasilatının 8.1 mln. m³-ə, kondensat
hasilatının isə 1200 tona (9000 barel) qədər artırılması nəzərdə
tutulub.
2019-cu ildən etibarən həyata keçirilən və “Umid Babek Operating
Company” əməliyyat şirkətinin (UBOC) ölkəmizdəki filialı tərəfindən
reallaşdırılan bu layihə üzrə dənizdən quruya doğru Ümid yatağından
Səngəçal Baş Qurğularına (SBQ) qədər təqribən 100 km məsafəni əhatə
edən böyük ərazidə çox mühüm mərhələnin bir hissəsi uğurla
yekunlaşıb.
“Ümid-1 SDÖ-dən hasilatın sürətləndirilməsi” layihəsi
çərçivəsində hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edən önəmli
işlər görülür. Belə ki, Ümid-1 SDÖ-də aparılan yenidənqurma,
uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin
və onun quruda olan təqribən 3.7 km hissəsinin çəkilməsi, Daşgil-2
terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş
Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi
üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Hazırda “Ümid-1”
SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir.
“Ümid-1” SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin
sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil
Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən
çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2.1 km-lik boru
xəttinin çəkilməsi artıq tamamlanıb.
Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti
podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün
çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu
təqribən 2.2 km, eni 15 m olan qoruyucu torpaq bənd (damba) inşa
olunub.
Layihə işlərində müvafiq dövlət qurumları, yerli və beynəlxalq
subpodratçılar (SOCAR-ın “Neftqaztikinti” tresti, SOCAR Dalğıc,
Wood Group, Jan De Nul, Saipem, Oceaneering) iştirak ediblər. Artıq
işlərin növbəti mərhələsinə start verilib və “Ümid-1” SDÖ-dən
sürətləndirilmiş hasilatın ölkənin ümumi qaz təchizatı şəbəkəsinə
qoşulmasının uğurla başa çatdırılması gözlənilir.