Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə bilik yarışması keçirilib (FOTO)

Mayın 10-da xalqımızın ümummilli lideri, dahi şəxsiyyət, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümü münasibətilə “Zəka” intellektual bilik yarışması
keçirilib.

AHİK-dən AzerTimes-a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin
(KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK)
təşkilatçılığı ilə baş tutan yarışmanın keçirilməsində məqsəd aqrar
sahədə çalışan işçilərin intellektual səviyyəsini, dünya görüşünü,
zehni inkişafını stimullaşdırılmaq, onların bilik və elmi nüfuzunu
artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir. Yarışmada
KTN-in qurumlarında çalışan 6 nəfərdən ibarət 14 komanda mübarizə
aparıb. Gərgin və maraqlı keçən yarışmada Nazirliyin Heyvandarlıq
Elmi Tədqiqat İnstitutunun komandası I yeri, Aqrar Tədarük və
Təchizat ASC-nin komandası II yeri, Azəraqrar Dövlət İstehsalat və
Emal Birliyinin komandası III yeri qazanıb.

Qaliblərin mükafatlandırma mərasimində KTNBHİK-nın sədri Fuad
Məmmədov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən danışıb,
onun Azərbaycan xalqının həyatındakı misilsiz xidmətlərinə diqqət
çəkib. Sonra Komitə sədri bildirib ki, aqrar sahədə çalışan işçilər
arasında ilk dəfə keçirilən bu bilik yarışması bundan sonra da
davam etdiriləcək.

Naziriliyin İnsan resursları şöbəsinin müdir müavini İlham
Süleymanov çıxışında Ulu Öndərin kənd təsərrüfatı sahəsində gördüyü
işləri, həyata keçirdiyi islahatları xatırladaraq onun xatirəsinin
hər kəs üçün əziz olduğunu qeyd edib. O, keçirilən bilik
yarışmasının əhəmiyyətini vurğulayaraq qurumlar arasında
münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildirib. Sonda
qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Teqlər: