Ulu öndər Heydər Əliyevin ideyaları əbədidir (FOTO)

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir
keçirilib

Mayın 5-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir
keçirilib.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin
abidəsi önünə qızılgül dəstələri qoyublar.

Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam edən
tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri
Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız
qarşısındakı xidmətlərindən geniş bəhs edib: “Ümummilli Liderin
hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin
nümunəsini görərik. Dövlətinin, xalqının gələcəyini düşünən Lider
daim ölkəni irəli aparacaq. Bu reallıq daim önə çəkilir ki,
keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük
inamla baxan xalq tarixin sərt sınaqlarından şərəflə çıxacaq və
möhtəşəm uğurlara imza atacaq. Azərbaycan xalqı dünyaya bu nümunəni
də göstərdi. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində
Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan antimilli
ünsürlərin rəhbərlik etməsi ölkədə xaosun, anarxiyanın,
özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsinə,
torpaqlarımızın işğalına, vətəndaş qarşıdurmasının yaranmasına və
müstəqilliyimizi itirmək təhlükəsini yaşamağımıza səbəb oldu. Belə
bir çətin durumda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə ulu
öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycan bütün çətinliklərdən xilas oldu, yeni
Azərbaycan yaradıldı, müstəqilliyimizin daimiliyi, sarsılmazlığı
təmin edildi.»

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dünyaya günəş kimi
doğdu: “Ümummilli Liderin “Azərbaycan dünyaya günəş kimi doğacaq”
fikri bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi.
Bugünkü gerçəkliklərimiz, eyni zamanda, ulu öndər Heydər Əliyevin
vaxtilə söylədiyi bu fikrin də real həyatda təsdiqidir: “Biz bu
çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası
dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan
vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur
hissi ilə bəyan edəcəkdir.” Ulu öndər Heydər Əliyevin 2003-cü ildə
xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı Onun
dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da
genişlənməsini şərtləndirdi. Belə ki, cənab İlham Əliyevin xalqın
böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi
Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün
harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
qürurludur. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən
müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər
zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında
dəmir yumruq kimi birləşib.”

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin xidmətləri
sırasında hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən,
cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının
yaradılmasını qeyd edib: “Azərbaycanın müstəqilliyinin yenidən
bərpasından sonrakı dövrə bələdçilik edən YAP daim dövlətə, xalqa
xidməti fəaliyyətinin əsası kimi qəbul edib. 1993-cü ildə ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə partiyanın da həyatında
yeni mərhələ başladı. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə
uğurla inkişaf edir. Tarixi Zəfərimizin reallıqları partiyada da
yeniliklərə, təkmilləşməyə yol açdı. YAP monolit partiya olaraq
daim qarşısına qoyduğu vəzifələrin uğurlu icrası istiqamətində
səylər göstərir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni
Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin
partiyasıdır.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ulu öndər
Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bugünümüz üçün
qurulan möhkəm təməldən danışıb: “Bugünkü Azərbaycan məhz həmin
dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir. Ölkənin
hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir.
Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan
çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər
Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı
inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin
imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar
açdı.»

Rafiq Quluyev tarixi Zəfərimizdən bəhs edərək bu uğurumuzda
Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən
biri olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında bu
məqamı xüsusi vurğulayır ki, gənclərimiz milli ruhda tərbiyə
olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar. 44
günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz Heydər Əliyev
siyasətinin təntənəsidir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Nəzarət-Təftiş
Qrupunun üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
Sadiq Qurbanov çıxış edərək bildirib ki, bu auditoriya qarşısında
qalib xalqın nümayəndəsi, YAP-ın üzvü, ən nəhayət bir azərbaycanlı
kimi çıxış etdiyim üçün qürur hissi keçirirəm: “Biz ulu öndər
Heydər Əliyev haqqında nə qədər istəsən danışa bilərik. Çünki Onun
fəaliyyəti çoxşaxəlidir. Ümummilli Lider zamana sığmayan bir Lider
idi. Hər insan doğulduğu gündən ta dünyasını dəyişənə qədər zamanın
hökmünün diktəsinə məhkumdur. Dünən Sovetlər Birliyi idi və biz o
şərtlər altında yaşayırdıq. Bu gün demokratik, azad ölkəyik və indi
bu şərtlər altında yaşayırıq. Yəni, zamanın hökmü bizi idarə edir.
Tarixdə elə şəxsiyyətlər olub və bu gün də var ki, zamanın
diktəsinə deyil, zamana diktə etməyi bacarır. Dünya tarixində məhz
belə liderlərdən biri ulu öndər Heydər Əliyev idi.”

Komitə sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyev müasir
Azərbaycanın qurulması üçün ideologiyanın banisidir, rəhbəridir:
“Bu, azərbaycançılıq ideologiyasıdır.” Natiq qeyd edib ki,
ideologiya hər bir cəmiyyətin aparıcı qüvvəsi olmalıdır və
ideologiyasız dövlət, ideologiyasız xalq mümkün deyil. Biz 44 gün
ərzində son iki yüz ildə ilk dəfə böyük bir tarixi Zəfərə imza
atdıq. Bilirsiniz nə üçün? Çünki xalq özünə qayıtdı. Xalq öz milli
ideologiyasını, özünü tapdı.”

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət
komitəsinin üzvü, İntizam komissiyasının sədri Eldar İbrahimov
deyib: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu
uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız
qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu,
zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin
fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış
fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bugünümüzü necə
qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini
bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında
əsas şərtlərdən biridir.

E.İbrahimov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev
həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu
istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün
fəaliyyətinin əsasını təşkil edib: “Bu gün Azərbaycanda həyata
keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının
həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin
uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu dahi şəxsiyyəti təkcə
Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının
liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq
nümunəsinə çevrilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin
bildirib ki, fəaliyyətimin mühüm bir dövrü görkəmli siyasi və
dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı olub: “Ulu
öndər Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi işləyərkən
onun rəhbərliyi altında çalışmış, o cümlədən Birinci katibin
referenti vəzifəsində işləmişəm.”

Millət vəkili ulu öndər Heydər Əliyevin Azərbaycanın bugünü və
gələcəyi ilə bağlı gördüyü işlərdən geniş bəhs edərək vuğulayıb ki,
onun idarəçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, liderlik
keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini
şərtləndirdi. Bu gün həmin qətiyyəti, siyasi iradəni dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nümayiş etdirir. 44
günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaq
böyük şücaətin, qəhrəmanlığın, Prezident İlham Əliyevin
qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin
nəticəsidir.

AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri
İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov çıxış edərək
bildirib ki, ulu öndər Heydər Əliyev azərbaycançılığı və
dövlətçiliyi milli ideologiyanın iki ən əsas tərəfi kimi
qiymətləndirirdi. V.Abbasov Ulu Öndərin azərbaycançılıq ideyasının
formalaşmasında misilsiz xidmətlərindən danışıb: “Azərbaycan dili
ölməz olduğu qədər də yaşayan, inkişaf etməli dildir. Ulu Öndər
Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilini qorumaq yox, ona
yaşamaq, inkişaf statusu verdi. Ulu öndər Heydər Əliyev 1997-ci il
aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin
keçirilməsi ilə əlaqədar Fərman imzaladı.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə yenidən
siyasi hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın vahid ideologiya, milli-mənəvi dəyərlər
ətrafında birləşməsinə, onların potensialının milli problemlərin
həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata
keçirdi. Dünya
Azərbaycanlılarının ilk qurultayı
“Dünya Azərbaycanlılarının I
Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmişdi. Dünya
Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan
həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil
etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Dünya
Azərbaycalılarının V Qurultayı – Zəfər Qurultayı Şuşada keçirildi.
Bu Zəfər Qurultayına 65 ölkədən 400-ə qədər insan gəldi. Onlar
Azərbaycanı dünyada təmsil edən şəxslər idi. Əminliklə deyə bilərik
ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident
İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli
maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli
siyasəti bu reallığı mümkün etdi.”

Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Kəmaləddin
Məmmədzadənin bacısı Ülkər Məmmədzadə bildirib ki, ulu öndər Heydər
Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının
üzvü olmaq hər birimiz üçün böyük fəxrdir. Bugünkü Azərbaycan
Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri
arasında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunan inşa yazı müsabiqəsinin,
mini-futbol, şahmat turnirinin qaliblərinə diplomlar verilib.

Müsabiqələrin təşkilində fəal iştirakına görə Heydər Əliyev
adına liseyin direktoru Sevinc Orucovaya YAP Xətai rayon
təşkilatının Fəxri diplomu, partiya sıralarına yeni daxil olanlara
YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən videoçarx nümayiş olunub.

Teqlər: