Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini futbol turnirinin qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü,
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsi (DİİXİHİ RK) və Spartak Könüllü Bədən Tərbiyəsi
və İdman Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sahə həmkarlar
ittifaqı komandaları arasında mini futbol turnirinin final
mərhələsi keçirilib.

Finaldan öncə çıxış edən AHİK sədrinin müavini, DİİXİHİ
Respublika Komitəsinin sədri Hikmət Osmanov AHİK sədri Səttar
Möhbalıyevin salamlarını iştirakçılara çatdırararq onlara uğurlar
arzulayıb. Sonra H.Osmanov müasir Azərbaycanın qurucusu və banisi
Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyi ilə bağlı yerinə
yetirdiyi tarixi missiyalardan söz açıb. Bildirib ki, müasir
dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və
məhsuldar fəaliyyətinin canlı salnaməsidir: “Ulu Öndərimiz ictimai
fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə
hazırlamış, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul
etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə
çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası
işləyib-hazırlamış və həyata keçirmişdir. Unikal keyfiyyətlərə
sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki
müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş
Heydər Əliyev hər iki mərhələdə Azərbaycanın möhkəmlənməsinə,
tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün
tutmuşdur”.

“Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra idmanın və bədən tərbiyəsinin
inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi,
bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də
bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya
hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi
problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının
yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi,
habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində
gələcək prioritetlər müəyyənləşdirildi. Bu gün Azərbaycan dünyanın
idman meydanlarında qazandığı möhtəşəm nailiyyətlərin təməli məhz
Heydər Əliyev tərəfindən qoyulub”, – H.Osmanov qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları İctimai
Birliyinin (AHİİTİB) sədri Nadir Əliyev çıxışında ölkəmizdə Heydər
Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən və
dövlətimizin idman siyasətindən danışıb.

Final matçı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun
komandaları arasında baş tutub. Gərgin və maraqlı keçən qarşılaşma
3-0 hesabı ilə Daxili İşlər Nazirliyi komandasının qələbəsi ilə
başa çatıb. Beləliklə, I yeri Daxili İşlər Nazirliyinin komandası,
II və III yerləri isə müvafiq olaraq Baş Prokurorluğun və
İqtisadiyyat Nazirliyinin komandaları qazanıblar.

I yeri tutan komandanın hər üzvünə 200 manat, II yeri tutan
komandanın üzvlərinə 150 manat, III yeri tutan komandanın üzvlərinə
isə 100 manat məbləğində pul mükafatı və xatirə hədiyyələri təqdim
edilib.

Turnir boyunca fərqlənən digər komandalar – Heydər Əliyev
Mərkəzinin və Bakı Nəqliyyat Agentliyinin komandaları da mükafatsız
qalmayıb.

Qaliblərin mükafatlandırılması mərasimində AHİK sədrinin
müavini, DİİXİHİ Respublika Komitəsinin sədri Hikmət Osmanov,
AHİİTİB sədri Nadir Əliyev, Baş Prokurorun müavini Heydər Məmmədov,
Daxili İşlər Nazirinin müavini İsmət Əliyev, Dinamo İdman
Cəmiyyətinin sədri, Olimpiya çempionu Zemfira Mehtahətdinova və
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif
Nəsirov iştirak ediblər.

Qeyd edək ki, martın 29-dan start götürən turnirdə 4 qrupdan
ibarət 20 komanda mübarizə aparıb.

Teqlər: