Ulu Öndər dilimizin qorunmasına böyük önəm verirdi – Kamaləddin Qafarov

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ana
dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi,
saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində
gördüyü işlər birmənalı olaraq Ulu Öndərin Azərbaycan qarşısında
olan misilsiz xidmətlərindəndir. Ümummilli lider deyirdi: “Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr
edirəm”. Həqiqətən də Ulu Öndər bütün çətinliklərə sinə gərərək
keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan
dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi.
Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti,
milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və
bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata
keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına,
zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Miliət vəkili bildirib ki,Ulu Öndərin həyata keçirdiyi dil siyasəti
ümummilli liderin bütün dövrlərdə inamla yürütdüyü dövlət
quruculuğu siyasətinin tərkib hissəsi olub: “Ulu Öndər Heydər
Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana
dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul
olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir
müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb
edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə məhz Heydər
Əliyevin səyləri nəticəsində Azərbaycan dili artıq sovet dönəmində
dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər
müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin
etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı,
Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin
səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və
maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər
respublikalarda fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində
təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və
mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib,
Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız
ana dilində yazırdılar. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu
Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə
Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və
ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər
nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək
qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq
edilib. Nəhayət ən əsası, ümummilli liderimiz bütün rəsmi və
qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan
çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb,
dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb.
Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin
hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə –
diplomatiya aləminə yol açması, yüksək nüfuz qazanması və dünyanın
mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq
bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil
siyasətinin məntiqi nəticəsidir”, – deyə K.Qafarov qeyd edib.

Millət vəkili bu məqamı da vurğulayıb ki, Ulu Öndər müstəqillik
illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin
inkişafını və qorunmasını təmin edib: “Azərbaycan öz müstəqilliyini
bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli
Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr
1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə
müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr
1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni
Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan
Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı,
Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq
məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər
Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və
“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə
uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan
vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu
dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf
etdirilməsi istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi
addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin
qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da
bütünlüklə həyata keçirmiş oldu”, – deyə Kamaləddin Qafarov öz
fikirlərini tamamlayıb.

Teqlər: