Qərb Rusiyanı təxribata çəkməmək üçün Ukraynaya Amerika istehsalı olan “Patriot” zenit-raket komplekslərini verməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın “La Vanquardia” qəzeti məlumat yayıb.
İddia edilib ki, Qərb ölkələri Ukrayna tərəfinə kömək etməkdə qərarlıdır, lakin Moskvanın gözündə müharibənin iştirakçısı kimi görünəcək və vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmayacaq. Bu səbəbdən NATO üzvləri və alyans tərəfdaşlarının heç vaxt Kiyevə verməyəcəyi silahlar var.
“Xüsusilə “Patriot” heç vaxt Ukraynada yerləşdirilməyəcək. Səbəblərdən biri odur ki, SAM-ların yüksək hazırlıqlı mütəxəssislərə ehtiyacı var və indiki şəraitdə bu, Amerika personalının Ukrayna ərazisinə yerləşdirilməsinə gətirib çıxaracaq ki, bu da mümkün deyil. Bundan əlavə, orada bir “Patriot”un hipotetik yerləşdirilməsi Moskva tərəfindən ABŞ-ın müharibədə birbaşa iştirakı kimi qəbul ediləcək”, – deyə vurğulanıb.