Ukraynadakı hadisələr BMT sisteminin böhranını təsdiqləyir – Altun

Türkiyə beynəlxalq arenada sülh və sabitliyə töhfə verməyə davam
edir, münaqişə zonalarında atəşkəsə nail olmaq və zorakılığı
azaltmaq üçün səylər göstərir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezident
Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri
Fəxrəddin Altun “Star Açık Görüş”ə müsahibəsində deyib.

O, nümunə olaraq Türkiyənin Ukraynadakı müharibəni sona
çatdırmaq üçün göstərdiyi sülh səylərinə diqqət çəkib.

“Prezident Rəcəb Tayyib Ərdoğan həm Rusiya Prezidenti Vladimir
Putin, həm də Ukrayna lideri Vladimir Zelenski ilə sıx dialoqu
davam etdirir. Fevralın sonundan bəri Prezident Ərdoğan hər iki
ölkənin liderləri ilə dəfələrlə telefonla danışıb”, – deyə F.Altun
bildirib.

O, Ukrayna hadisələrinin başlanmasından sonra ilk dəfə Antalyada
keçirilən Diplomatik Forum çərçivəsində münaqişə tərəflərinin
diplomatiya rəhbərlərinin görüşünü xatırladıb. Nəhayət, martın
29-da Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlar
apardılar, nəticədə onlar Qara dəniz regionunda gərginliyin
azalacağına ümid etməyə başladılar.

F.Altun həmçinin Ukrayna-Rusiya böhranı fonunda BMT və NATO-nun
mövqeyinə də diqqət çəkib. “BMT və NATO keçmişdə şübhəsiz ki,
planetin müxtəlif regionlarında sülh və sabitliyə töhfə veriblər.
Bununla belə, bu gün çoxları beynəlxalq institutların fəaliyyətinin
uğurlu olub-olmadığı sualı ilə qarşılaşır. Bu baxımdan ayrı-ayrı
ölkələrin, o cümlədən Türkiyənin sülh səylərinin əhəmiyyəti artır”,
– deyə F.Altun əlavə edib.

Ərdoğanın administrasiyasının nümayəndəsinin sözlərinə görə, BMT
Təhlükəsizlik Şurasında beş deyil, 20 dövlət təmsil
olunmalıdır.