Ukraynada “Stalinqrad savaşı” gedir

Ukraynada “Stalinqrad savaşı” gedir

Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlər İkinci Dünya müharibəsi zamanı Stalinqrad uğrundakı döyüşləri xatırladır. Rusiya və Ukrayna kiçik Baxmut şəhər uğrunda ölüm-dirim savaşı verirlər. Rusiya bu şəhəri işğal etməklə Ukraynanın içərilərinə doğru hücumu genişləndirməyi və nəqliyyat yollarını ələ keçirməyi planlaşdırır. Ukrayna məhz bu səbəbdən Baxmut şəhərini sona qədər müdafiə etməyi və Rusiyanın bu istiqamətdə itkilərinin sayını atırmağa çalışır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu baxmut uğrunda gedən şiddətli döyüşlər haqda qeyd edib.

Onun sözlərinə görə, həqiqətən Rusiya şəhərin yarısını işğal etsə də, Baxmutda minlərlə itki verib, bir çox hərbi texnikası yararsız hala gəlib:

“Şəhərin işğalında iştirak edən “Vaqner” muzdlu qruplaşması da xeyli itki verib. “Vaqner”in rəhbəri Priqojin Ukrayna ordusunun şəhərin sağından və solundan əks-həmlə əməliyyatı keçirəcəyindən qorxur.

Vaşinqton Ukrayna Prezidenti Vladimir Zelenskiyə təklif etmişdi ki, Baxmutdan geri çəkilib kənarda müdafiə sistemini gücləndirsin. Zelenski Vaşinqtonun təklifini qəbul etməyərək Baxmutu təhvil vermək istəmir. Zelenski və ukraynalı generalların məntiqi belədir ki, Rusiyanın Baxmutda canlı və hərbi texnika itkisini mümkün qədər artırmaq lazımdır ki, ordu potensialı zəifləsin, taqətdən düşsünlər. Digər tərəfdən Zelenski generallarla qərara gəliblər ki, şəhər uğrunda döyüşləri davam etdirmək zəruridir. Baxmutun əks-həmlə ilə geri qaytarılması ehtimalı qalır. Ancaq vəziyyət Ukrayna ordusu üçün daha çox gərginləşsə, son məqamda şəhərin gerisinə çəkilib müdafiəni gücləndirmək planı da mövcuddur”.

Teqlər: