Ukraynada Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası keçirilib

Ukraynada Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası
keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Ukrayna
Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evi bu gün
kiyevlilərin də böyük ümidlə üz tutduğu məkana çevrilib.
Soydaşlarımızın təxliyəsindən sonra UAR paytaxt sakinləri üçün
yardımları müntəzəm davam etdirir.

UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin
sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan Evində
növbəti yardım aksiyası təşkil edilib. Aksiya zamanı Kiyevdəki
aztəminatlı ailələr üçün ərzaq məhsulları, tibbi yardım
ləvazimatları, geyim əşyaları və s. zəruri məhsullar
paylanılıb.

Ukrayna ilə Rusiya arasında gərginliyin başlamasından sonra
Ukrayna Azərbaycanlıları Radası Azərbaycan Evində mütəmadi yardım
aksiyaları keçirir. Təxminən yarım ay ərzində hər gün 250-300 nəfər
Azərbaycan Evinə gələrək ehtiyacı olan məhsulları əldə edir. Bundan
başqa, təşkilat Kiyev ətrafındakı qəsəbə və kəndlərin sakinlərinin
də gündəlik zəruri tələbat məhsulları ilə təminatına dəstək
göstərir.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Radası fevralın 24-dən
etibarən minlərlə soydaşımızın təxliyəsini təşkil edərək, onların
təhlükəli ərazilərdən çıxarılmasını və sərhədyanı ölkələrə
keçməsini təmin edib.

Teqlər: