Ukrayna müharibəsi dəhşətli hal alır

Ukrayna müharibəsi dəhşətli hal alır

Krım körpüsü vurulduqdan sonra Rusiya və Ukrayna arasında döyüşlər ciddi şəkildə gərginləşib. Rusiya İrandan aldığı dron və raketlərlə, eyni zamanda intiqam duyğusu ilə Ukraynanı atəşə tutur. Qarşılıq olaraq isə Ukrayna başda Donetsk olmaqla, Rusiyanın işğal etdiyi bütün ərazilərdə rus ordusuna qarşı əməliyyatlar keçirir, hətta Belqorod şəhərində hərbi obyektlər də vurulur.

Bu sözləri AzerTimes-a Ukrayna müharibəsinin yenidən şiddətlənməsi haqqına danışan Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Oqtay deyib.

Professorun sözlərinə görə, əgər tezliklə müzakirələr başlamasa, müharibə daha dəhşətli xarakter ala bilər:

“Baş verənlər Ukrayna böhranının beynəlxalq problemə çevriləcəyini göstərir. Xüsusilə İsrailin Ukraynaya etdiyi yardımlar və İranın satmış olduğu PUA və raketlər əsas müzakirə edilən məsələlərin başında gəlir. Rusiya İsrailin Ukraynaya silah satışını gündəmə daşıyır. Sonrakı mərhələdə Türkiyənin də Ukraynaya silah satışı gündəmə gələ və ikitərəfli əlaqələr yenidən nəzərdən keçirilə bilər. Lakin hazırki məqamda Tehran-Moskva əlaqələrinin daha çox diqqət çəkəcəyi və ciddi mənada müzakirə ediləcəyi görünür. Qərb İranı sıxışdırmaq və Rusiyanı sülhə razı salmaq üçün Ukraynaya yardımı davam etdirəcək. Əgər qısa zamanda sülh üçün masanı təşkil etmək mümkün olmasa, dünya daha böyük və dəhşətli müharibə ilə üzləşə bilər”.

Teqlər: