Ukrayna Azərbaycanlıları Radasının Qurultayı keçirilib (FOTO)

Fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna
Azərbaycanlıları Radasının (UAR) növbəti – II Hesabat-seçki
Qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AzerTimes-a verilən
məlumata görə, Qurultayda DİDK-nin nümayəndələri, Ukraynanın
müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi,
Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər
qonaqlar iştirak edib.

Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər Əliyevin
Kiyevdəki abidəsini ziyarət edib və qarşısına tər çiçəklər
düzüblər. Sonra Azərbaycan və Ukraynanın Dövlət himnlərinin
səsləndirilməsi ilə işinə başlayan Qurultayda Azərbaycan
torpaqlarının azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

UAR-ın Baş katibi Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən
Qurultayda DİDK-nın sədr müavini Vaqif Seyidbəyov çıxış edərək, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı zəfərimizdən sonra
diasporumuzun fəaliyyətində yeni bir mərhələ başladığını qeyd edib.
O, DİDK-nın fəaliyyəti – Koordinasiya Şuraları, Azərbaycan Evləri,
Qarabağ məktəbləri, gənclərlə iş istiqamətində həyata keçirilən
layihələr və s. barədə məlumat verib, diasporumuzu daha da inkişaf
etdirmək, onun fəaliyyətini gücləndirmək üçün birlik və
həmrəyliyimizi daha da möhkəmləndirməyin vacibliyini bildirib.

Dövlət Komitəsinin fəaliyyətini əks etdirən qısa videoçarxın
nümayişindən sonra çıxış edən Azərbaycan Respublikasının
Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə formalaşan Azərbaycan diasporunun bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini qeyd edib.
UAR-ın fəaliyyətini yüksək qiymətləndirən səfirlik nümayəndəsi
təşkilatın tarixi Vətənimiz Azərbaycan və dövlətimiz üçün əlindən
gələni etdiyini vurğulayıb.

Ukrayna Ali Radasının deputatı Maryan Zablotskiy Ukraynada
yaşayan azərbaycanlıların, sadəcə, Azərbaycan diasporu deyil,
Ukraynanın bir parçası olduğunu, onların vətənpərvərliyini xüsusi
vurğulayıb.

Ukraynanın Etnosiyasət və vicdan azadlığı Dövlət Xidmətinin
rəhbəri Yelena Boqdan Ukrayna cəmiyyətinə verdiyi töhfələrə,
ölkənin ərazi bütövlüyünün qorunmasına göstərdiyi dəstəyə görə
Azərbaycan diasporuna təşəkkür edib.

İrpin şəhər merinin müavini İrina Petrova Azərbaycan diasporu
ilə qarşılıqlı əməkdaşlığın ildən-ilə inkişaf etdiyini, İrpində
Zərifə Əliyeva Parkının açılmasını, ən yaxşı məktəblərdən birinə
Zərifə Əliyevanın adının verilməsini bu əməkdaşlığın bariz nümunəsi
kimi göstərib. Qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, İrpin
şəhərinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan diasporunun
bir qrup üzvü xüsusi diplomla mükafatlandırılıb.

UAR-ın Baş katibi Ceyhun Məmmədovun təşkilatın 3 illik
fəaliyyətinə dair hesabat çıxışından sonra videoçarx təqdim
olunub.


Daha sonra çıxış edən UAR həmsədrləri Oleq Krapivin və Hikmət
Cavadov Qurultay iştirakçılarına qurumun fəaliyyətinə göstərdiyi
dəstəyə və tədbirə qatıldıqlarına görə təşəkkür edib, Qarabağ
səfərindən sonra diasporumuzun qarşısında açılan yeni mərhələdə
hədəflərə nail olmaq üçün birliyimizi möhkəmləndirməyin, hər bir
azərbaycanlının, o cümlədən iş adamları və ziyalıların hüquqlarının
qorunmasının vacibliyini qeyd ediblər.

Çıxışlardan sonra Ukrayna Azərbaycanlıları Radasında təmsil
olunmaq üçün müraciət edən 23 təşkilatla UAR arasında qarşılıqlı
əməkdaşlığa dair Memorandum imzalanıb.

Diaspor rəhbərləri Murad Ömərov, Eldar Tağıyev, Şakir Yəhyayev
və başqaları çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradovun birlik və həmrəylik təşəbbüslərini
təşkilatların dəstəkləməsini, bu gün daha 23 təşkilatın UAR-la
əməkdaşlığa başlamasını alqışlayıblar.

Sonda səsvermə yolu ilə təşkilatın Əsasnaməsinə edilən
dəyişikliyə uyğun olaraq İdarə Heyətinin tərkibi genişləndirilib və
yeni üzvlər seçilib. Daha sonra İH-nin üzvləri Ceyhun Məmmədovu
UAR-ın icraçı direktoru seçib. Bundan başqa, təşkilatın tərkibində
Ziyalılar, Gənclər və İş Adamları şuraları yaradılıb, onların
üzvləri müəyyənləşdirilib. Bundan başqa, UAR-ın loqosunun
dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülüb və yekdilliklə
qəbul olunub.

Sonda UAR-ın II Qurultayının Bəyanatı oxunub və Qurultay
iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə müraciəti qəbul olunub.

Ukrayna Azərbaycanlıları Radasının II Qurultayı incəsənət
ustalarının iştirak etdiyi ziyafətlə yekunlaşıb.

Qurultay yerli mediada geniş işıqlandırılıb.

Teqlər: