Uğurlu sosial islahatlar 2022-ci ilin ilk rübündə də davam edərək növbəti irəliləyişlərə imkan verib

Mühüm nailiyyətlərdən biri də sosial islahatların
beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi oldu

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə
son illər geniş miqyas alan, konkret nəticələrə yönələn sosial
islahatlar, həmin islahatlardan irəli gələn müsbət trendlər bu ilin
ilk rübündə də davam edib. Mühüm nailiyyətlərdən biri də sosial
islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi
olub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
nazirlikdə cari ilin birinci rübünün yekunlarına dair keçirilən
kollegiya iclasında bildirib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə
dövlət başçısının qeyd etdiyi kimi, “Bu ilin üç ayında ölkəmiz
bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını
keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”.
Ölkə Prezidentinin sosial sahəyə, həssas əhali qruplarına xüsusi
qayğısı, imzaladığı fərman və sərəncamlar nəticəsində 2022-ci ilin
əvvəlindən Azərbaycanda yeni ciddi sosial irəliləyişlərə imkan
verən növbəti islahatlar həyata keçirilib.

Qeyd olunub ki, illik maliyyə dəyəri 2,1 milyard manatdan çox
olan bu yeni islahat paketi 3,4 milyon insanın rifahına dəstək
olub. Həm əməkhaqlarında, həm də sosial təminat növləri üzrə
ödənişlərdə yeni artımlar edilib.

Bu ilin ilk rübündə DOST Agentliyi Beynəlxalq Pensiya və Sosial
Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülüb. Bu günlərdə
isə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını
qazanıb. Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən
“Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat”
müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali
mükafatına layiq görülüb. Bütün bunlar Prezident İlham Əliyevin
tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların
uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini bir
daha təsdiq edir.

Azərbaycan minimum pensiyanın nominal və alıcılıq qabiliyyəti
indeksinə görə MDB-də birinci sıraya yüksəlib. Sosial-iqtisadi
islahatlar, məşğulluq imkanlarının və əməkhaqlarının mütəmadi
artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi
nəticəsində sosial sığorta daxilolmalarında son üç ayda da artım
baş verib. Bu artım 152 milyon manat və ya 17 faiz təşkil edib.

Sosial ödənişlərin hər ay vaxtlı-vaxtında həyata keçirilməsi
təmin edilib. Artım dinamikası ünvanlı sosial yardlımları da əhatə
edib. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 21 faiz
artaraq 300 manata çatıb.

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 4
mindən çox şəxs özünüməşğulluq proqramına, 4,7 mindən çox şəxs peşə
hazırlığı və peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib. 11
mindən çox şəxs münasib işlərlə təmin edilib. DOST mərkəzlərində
155 mindən çox və ümumilikdə fəaliyyət dövründə 806 mindən çox
vətəndaşa xidmət göstərilib.

Şəhid ailələrinə və müharibə əlillərinə bu ilin ilk rübündə daha
200 mənzil, postmüharibə dövründə 3200, ümumilikdə cəmi 12500-dən
çox mənzil və ya fərdi ev verilib. Bu il 1500 şəhid ailəsi və
müharibə əlilinin mənzil və fərdi evlə təminatı nəzərdə
tutulub.

İclasda nazirliyin fəaliyyət sahələrində cari ilin ilk rübündə
görülən işlərin nəticələri ətraflı təhlil olunub.

Teqlər: