Uçuşdan əvvəl IATA Travel Pass tətbiqini yükləyin və COVİD-19 testinə güzəşt əldə edin

IATA Travel Pass rəqəmsal səyahət proqramının sınağında iştirak edən “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin sərnişinləri yola düşməzdən əvvəl COVİD-19 testindən keçmək üçün güzəşt əldə edəcəklər.

AzerTimes-ın məlumatına görə, IATA Travel Pass, Apple iOS və Android bazasında olan smartfonlarda quraşdırılmış və sərnişinlərin koronavirus infeksiyası üçün test nəticələrini, gələcəkdə peyvəndləmə barədə məlumatlarını yükləyə biləcəyi tətbiqdir. Tətbiq, uçuşqabağı rəsmiyyətləri sürətləndirməyə və vaxtınıza qənaət etməyə imkan verir.

Hazırda IATA Travel Pass tətbiqini aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə bilərlər:
• AZAL – Bakı – İstanbul – Bakı (GYD-IST-GYD)
• AZAL – Bakı – Moskva – Bakı (GYD-DME-GYD)
• Buta Airways – Bakı – İstanbul – Bakı (GYD-SAW-GYD)
• Buta Airways – Bakı – Jukovski – Bakı (GYD-ZIA-GYD)

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür.

Qeyd edək ki, klinikalarda təqdim olunan güzəstlə yanaşı, IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.

Tətbiqin istifadəsinə dair ətraflı təlimatla, həmçinin güzəşt təqdim edən klinikaların siyahısı ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass


Teqlər: