Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası
keçirilib. İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib
ki, gündəliyə 4 məsələ daxil edilib.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Komitə sədri
bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ –
“Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların
siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol
verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı
haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam
haqqında” qanunlara dəyişiklik edilməsi barədə, “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”,
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” qanun layihələri 20 oktyabr 2020-ci
il tarixli “İnsan orqan və toxumalarının donorluğu və
transplantasiyası haqqında” Qanuna uyğunlaşdırma xarakteri
daşıyır.
Ə.Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının
donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən
hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
Sənədin işlənməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O,
bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və
transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub,
mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki,
donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.
Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin
plenar iclasında müzakirəyə tövsiyə olunub.