Tvinninq layihəsinin yekun konfransı keçirilib (FOTO)

Martın 29-da “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla
Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni
Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq
layihəsinin yekun konfransı keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev tədbirdə çıxış edərək Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit və logistika
imkanlarının genişləndirilməsi, beynəlxalq ticarətin asan və
sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm addımların
atıldığını, bütün sahələrdə olduğu kimi, gömrük sistemində də
reallaşdırılan islahatların qarşıya qoyulan məqsədlərin uğurla
icrasına töhfə verdiyini bildirib.

Qeyd olunub ki, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında
yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi
inkişafın prioritetlərindəndir və tvinninq layihəsi bu sahədə mühüm
töhfə hesab oluna bilər. Komitə sədri vurğulayb ki, layihənin
uğurla icrası gömrük sahəsində mövcud milli qanunvericiliyin daha
da təkmilləşdirilməsinə, gömrük əməliyyatlarının
sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə,
ölkəmizin ixrac potensialının artırılmasına təkan verəcək.

Səfər Mehdiyev Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük
istiqamətində bütün zəruri addımların atıldığını vurğulayıb və
bildirib ki, prosesin uğurla yekunlaşması, eyni zamanda
Azərbaycanda istehsal edilən malların Avropa bazarına sürətli və
maneəsiz şəkildə çıxarılmasına şərait yaradacaq. Komitə sədri
tvinninq layihəsinin icrasında göstərdikləri dəstəyə görə Avropa
İttifaqı və İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinə
təşəkkürünü bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri,
səfir Peter Mixalko bildirib ki, Aİ Asiya ilə Avropa arasında
yerləşən, Şərqlə Qərbi birləşdirən Azərbaycanla nəqliyyat və
logistika sahəsində əlaqələrin qurulmasında maraqlıdır. Səfir
diqqətə çatdırıb ki, daşımaların Azərbaycan üzərindən həyata
keçirilməsi vaxt, məsafə, vəsaitə qənaət və təhlükəsizlik
baxımından xüsusi əhəmiyyət daşıyır.

Son illər Azərbaycanda gömrük sahəsində mühüm irəliləyiş əldə
olunduğunu vurğulayan Peter Mixalko xüsusilə şəffaflığın təmin
edilməsindən məmnunluqla bəhs edib. Bildirilib ki, Yeni
Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulma həm Azərbaycan, həm
də qonşu ölkələrlə Aİ arasında malların və xidmətlərin tranziti
baxımından böyük imkanlar yaradacaq. Səfir onu da qeyd edib ki,
tvinninq layihəsi Azərbaycan gömrük orqanlarının potensialının
inkişafına və Aİ ilə ticarət əlaqələrinin gücləndirilməsi fonunda
iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasına təkan verəcək.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri isə
Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə ikitərəfli
münasibətlərdən məmnunluqla bəhs edib, eləcə də tvinninq
layihəsinin gömrük sahəsində əlaqələrin daha da gücləndirilməsinə
şərait yaradacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, tvinninq
layihəsi çərçivəsində nəzərdə tutulan konvensiyalara üzvlük böyük
imkanlar yaratmaqla, xüsusilə beynəlxalq tranzitin həyata
keçirilməsində Azərbaycanın mövqelərini daha da
möhkəmləndirəcək.

Sonra İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru
Marsello Minenna çıxış edərək təmsil etdiyi qurumla Dövlət Gömrük
Komitəsi arasında işgüzar əlaqələrdən bəhs edib, tvinninq
layihəsinin icrası prosesində işgüzar münasibətlərin, qarşılıqlı
təcrübə mübadiləsinin daha da dərinləşdirildiyini diqqətə
çatdırıb.

Daha sonra benefisiar ölkənin layihə rəhbəri qismində Dövlət
Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş
İdarəsinin rəisi Fərid Əliyev, İtaliya Gömrük, Aksiz və İnhisar
Agentliyinin nümayındələri Giovanni Piccirillo və Antonio Lo Parco
çıxış edərək layihənin icrası, əldə edilən nəticələr barədə məlumat
veriblər. İtaliyalı mütəxəssislər COVID-19 pandemiyasının yaratdığı
çətnliklərə baxmayaraq tvinninq layihəsinin uğurla icrasında
Azərbaycan gömrükçülərinin fəaliyyətini yüksək
qiymətləndiriblər.

Xatırladaq ki, Avropa İttifaqının maliyyə, İtaliya Gömrük, Aksiz
və İnhisar Agentliyinin ekspert dəstəyi ilə 2020-ci ilin iyun
ayından həyata keçirilən layihənin məqsədi Azərbaycanın Avropa
İttifaqı gömrük sistemləri ilə əlaqəsinin və tərəflər arasında
ticarətin asanlaşdırılmasını təmin etmək, ölkəmizin Avropa Yeni
Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulması üçün hüquqi,
texniki və prosedur imkanlarının uyğunlaşdırılması məqsədilə Dövlət
Gömrük Komitəsinə dəstək verməkdir.

Teqlər: