Dekabrın 28-də Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.
Bu barədə AzerTimes-a Baş Prokurorluqdan məlumat verilib.
Qonaqlar ilk öncə Ağdamda Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edib, qazilərimizə şəfa diləyiblər.
Bundan başqa nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində olub, Cümə Məscidini ziyarət edib.
Daha sonra nümayəndə heyəti yol boyu Ermənistan dövlətinin viran qoyduğu məkanlar, yaşayış məntəqələri, tarixi-mədəni abidələrin şahidi olub.
Nümayəndə heyəti həmçinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyəti, şəhərin baş planı və beynəlxalq konfrans zalı ilə tanış olub, Şahbulaq qalasını ziyarət ediblər.
Qonaqlar qısa zamanda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin məntiqi davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar.
Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.