Türkiyənin İnönü Universitetinin rektoru ADNSU-da olub (FOTO)

Aprelin 22-də Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr.
Ahmet Kızılay və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor
Mustafa Babanlı ilə görüşüb.

Dəvəti qəbul edib ADNSU-ya gəldiklərinə görə qonaqlara
təşəkkürünü bildirən rektor, professor Mustafa Babanlı görüşdə
Türkiyə-Azərbaycan dövlətinin tarixi əlaqələrindən söz açaraq bu
köklü bağlılığın təhsil sahəsində də sıx əlaqələrin yaranmasında
ciddi rol oynadığını bildirib. ADNSU-da tədris prosesi, əldə olunan
uğurlar, universitetin beynəlxalq əlaqələri, ixtisaslar, eləcə də
ikili diplom proqramlarından danışan rektor İnönü Universiteti ilə
ADNSU arasında əlaqələrin daha da yüksək səviyyədə inkişaf
edəcəyinə ümidvar olduğunu deyib.

Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay
da ADNSU-da olmaqdan məmnun olduğunu bildirib və rəhbəri olduğu
universitet haqqında geniş məlumat verib. O, Azərbaycanın texniki
profilli öncül universiteti olan ADNSU ilə birlikdə təhsil
proqramlarının, elmi layihələrin icrasında maraqlı olduqlarını qeyd
edib və bu istiqamətdə universitet olaraq müvcud imkanlardan
istifadə edəcəklərini bildirib.

Görüşdə Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet
Kızılay və həmin universitetin professoru Tahmuraz Abbasov
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi
(1920-2020) yubiley medalı” ilə təltif olunublar. Rektor, professor
Mustafa Babanlı medalları qonaqlara təqdim edib.

Sonra qonaqlar ADNSU-da, o cümlədən, UFAZ-da tədris şəraiti ilə
yaxından tanış olublar, tədris laboratoriyalarına baş çəkiblər.

Səfər çərçivəsində qonaqlar ADNSU-nun rektoru, professor Mustafa
Babanlı və universitetin professor-müəllim heyəti Fəxri Xiyabanda
ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, “Türk
şəhidliyi” abidəsini ziyarət ediblər.

Teqlər: