Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib (FOTO)

Aprelin 22-də Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz
Rövşənlə görüş keçirilib.

ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla şairi universitetdə
görməkdən məmnun olduğunu bildirib, Ramiz Rövşən yaradıcılığından
söhbət açıb. Kamal Abdulla bildirib ki, Ramiz Rövşən şair,
tərcüməçi, kinossenarist, ədəbiyyatşünas kimi adını Azərbaycan
mədəniyyət tarixinə yazdırmış şəxsdir:

“Ramiz Rövşən mənim sevimli şairlərimdən biridir. Bu gün bu
tədbirdə nə qədər oxucu varsa, hamının üzündə bir sevinc, bir
xoşbəxtlik duyulur. Bu sevinc, bu xoşbəxlik Ramiz Rövşən sevgisinin
bariz nümunəsidir. Ramiz Rövşənin şeirlərində “Dədə Qorqud”
dastanındakı millilik var, onun şeirlərində saf və təmiz duyğuların
gözəl təsvirlərlə ifadəsini görmək mümkündür. Bütün bu keyfiyyətlər
onun bir şair kimi hər kəs tərəfindən sevilməsinə imkan yaradır.
İnanıram ki, bu görüş tələbələrimizi Azərbaycançılıq, dövlətçilik
ətrafında birləşdirən görüşlərdən biri olacaq”.

ADU-nun Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz
Rövşənin bir şair kimi, bir insan kimi yüksək intellektindən,
humanizmindən və istedadından danışıb. Qeyd olunub ki, Ramiz Rövşən
dünyanın böyük şairləri ilə müqayisə olunur və bu, Azərbaycan üçün
böyük uğurdur.

ADU-nun professoru Əsgər Zeynalov görüşün əhəmiyyətindən söhbət
açıb və tələbələri bu görüşdən faydalanmağa səsləyib.

Pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov çıxışında Ramiz
Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıb.

Təhsil-1 fakültəsinin tələbəsi Sərvər Qəhrəmanlı şairin
sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, Filologiya
fakültəsinin tələbəsi Aysel Əlibabalı şairin “Nə çoxmuş dünyanın
yükü” və Təhsil-1 fakültəsinin tələbəsi Fidan Mikayılova “Mən elə
bilirdim ölərəm sənsiz” şeirlərini qiraət ediblər.

Sonda Xalq şairi Ramiz Rövşən Azərbaycan Dillər Universitetinin
tələbələri ilə görüşdən məmnun olduğunu deyib. Şair görüşdə
şeirlərini səsləndirib, poeziya və həyat haqqında fikirlərini
bölüşüb, tələbələrin suallarını cavablandırıb.

Teqlər: