Türkiyənin inkişafına mane olmağa yönəlmiş bütün cəhdlər bundan sonra da uğursuzluğa düçar olacaq – Ərdoğan

Türkiyə hakimiyyəti ölkənin dünyanın ən böyük on iqtisadiyyatı
sırasına daxil olmasına nail olmaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə
görüşdə deyib.

“Ümid edirəm ki, biz əlimizdə olan bütün imkanlardan maksimum
istifadə edəcəyik və ölkəmizi dünyanın ən böyük on
iqtisadiyyatından birinə çevirmək vədimizi yerinə yetirəcəyik”, –
deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə insanların sərmayə, məşğulluq,
istehsal və ixrac sahəsində dövlət tərəfindən hərtərəfli dəstək
aldığı bir ölkədir.

O, həmçinin inflyasiyanın əhalinin rifahına mənfi təsirinin
qarşısının alınmasının vacibliyini qeyd edib.

“Hazırda Ukrayna müharibəsi kimi regional böhranlarla
üzləşməyimizə baxmayaraq, vətəndaşlarımızın gündəlik həyatına təsir
edən problemləri də diqqətdən kənarda qoymuruq”, – deyə Türkiyə
Prezidenti bildirib.

R.T,Ərdoğan Türkiyənin inkişafına mane olmağa yönəlmiş bütün
cəhdlərin bundan sonra da uğursuzluğa düçar olacağına əminliyini
ifadə edib: “Ölkəmizdə xaos yaratmaq, sabitliyi pozmaq,
təhlükəsizliyimizi zəiflətmək üçün davamlı cəhdlər olub.
Xoşbəxtlikdən biz bütün bu tələlərin və hücumların öhdəsindən
gəldik”.

O bildirib ki, son iyirmi ildə Türkiyənin infrastrukturu inkişaf
etdikcə investisiyalar, istehsal, məşğulluq və ixrac artıb.