Türkiyənin addımları Rusiya-Ukrayna münaqişəsinin tez və sülh yolu ilə həllinə yönəlib – Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin
rəhbəri Fəxrəddin Altun sosial media hesabından Rusiyanın
Ukraynadakı hərbi əməliyyatları ilə bağlı paylaşım edib.

Bölgədə yeni bir müharibəyə şahid olduqlarını ifadə edən F.Altun
bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər iki ölkə
ilə güclü əlaqələri olduğu üçün dəfələrlə Rusiya və Ukrayna
arasında vasitəçilik etməyi təklif edib:

“Həmçinin müttəfiqlərə ortaq mövqe nümayiş etdirməyə çağırıb.
Türkiyə olaraq mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik
səviyyədə əlimizdən gələni etdik. BMT sistemində islahatlarla bağlı
çağırışlarımıza məhəl qoyulmadı və bunun ağır nəticələrini son
böhranda gördük. Əgər çağırışlarımıza məhəl qoyulsaydı bu
müharibənin qarşısını almaq olardı”, – F.Altun deyib.

F.Altun dəfələrlə diplomatik həll üçün çağırış etdiklərini,
lakin müharibənin hazırda bir reallıq kimi qarşılarında dayandığını
xatırladıb.

O beynəlxalq birliyin bir sıra regional və qlobal məsələlərdə
birlik olmamasının eynilə Rusiya və Ukrayna böhranında olduğu kimi
böyük problem olduğunu vurğulayıb:

“Bu münaqişə bizi iki faciə ilə üz-üzə qoyur. Birincisi,
münaqişənin humanitar tərəfidir. Türkiyə bu məsələdə nə lazımdırsa
edəcək. Digər regional qarşıdurmalarda olduğu kimi indi bu sahədə
ilk təşəbbüskarlardan olacağıq. İkincisi isə reallığa qarşı amansız
hücumlardır. Biz bu vəziyyətin də fərqindəyik. Dezinformasiya və
yanlış məlumatlandırma kampaniyalarının qarşısını almaq üçün
çalışırıq. Bu informasiya müharibəsində mənbəyindən asılı olmayaraq
həqiqətin yanında olacağıq. Türkiyənin siyasəti ilə bağlı çoxlu
spekulyasiyalar və şərhlər edilir.

Türkiyənin diplomatik addımları və müttəfiqləri ilə
koordinasiyası hər zaman münaqişənin tez və sülh yolu ilə həll
edilməsinə yönəlib.

Buna heç kimin şübhəsi olmasın. Türkiyə diplomatiyanın
konstruktiv, yaradıcı gücünə inanır və hər böhranda bütün
diplomatik variantlardan maksimum istifadə etməyə çalışmaqdadır. Bu
son münaqişə həm uğursuz, həm də lazımsızdır. Biz bu müharibənin
indiki və uzunmüddətli nəticələrinin qarşısını almağa çalışacağıq”,
– Türkiyə Prezident Administrasiyasının rəsmisi deyib.

Teqlər: