Türkiyənin 12 admiralı dövlət çevrilişində ittiham olunur

Türkiyənin 12 admiralı dövlət çevrilişində ittiham olunur

Ötən il Montrö Konvensiyası ilə bağlı bəyanatla çıxış edən Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan 103 admiralından 12-si konstitusiya quruluşunu pozmaqda ittiham olunur və onlar 12 ilə qədər həbs cəzası ala bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Bir Gün” qəzeti məlumat yayıb.

İş üzrə prokuror iddia edir ki, admirallar hökuməti ordunu “islamlaşdırmaqda” və Montrö Konvensiyasını müzakirəyə çıxarmaqda ittiham edən bəyanat hazırlayarkən, yüksək səviyyəli hərbi liderləri və müxalifət qruplarını səfərbər etmək istəyib:

“Admirallar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiə etdiyi İstanbul Boğazına alternativ yaratmaq üçün süni su yolu layihəsi olan İstanbul Kanalına qarşı çıxıb və bunun Türkiyənin Boğaziçi və Çanaqqala boğazları üzərində suverenliyini təsis edən 1936-cı il konvensiyasını pozacağını bildiriblər.

Onların fikrincə, Montrö Konvensiyası Qara dənizdə sülhü təmin edir və Türkiyəyə İkinci Dünya müharibəsindən bəri bitərəf qalmağa imkan verir. Qalan 91 imzaçı 12 admiralla əlbir olmayıb. Prokuror 91 nəfərə bəraət verilməsini tələb edir. 12 təqaüdçü admiraldan biri Cem Gürdəniz Tvitter hesabında iddianın qanuni əsası olmadığını bildirib.

Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəhrəddin Altun da admiralları dövlət çevrilişi hazırlamaqda ittiham edib”.

Teqlər: