Türkiyəni heyrətə salan azərbaycanlı siyasətçi – Dosye

Türkiyəni heyrətə salan azərbaycanlı siyasətçi – Dosye

Türkiyədə prezident seçkisinin 14 mayda keçirilən birinci turunda ATA İttifaqının namizədi Sinan Oğan topladığı 5,17% səslə bütün diqqətləri üzərinə çəkdi. Birinci turda gözlənilməz nəticə – 2,8 milyondan çox səs almaqla sürpriz edən Sinan Oğanın ikinci tur üçün “açar” olması Sinan Oğanı dünyada müzakirə obyektinə çevirdi.

AzerTimes gündəmə çevrilən Sinan Oğan barədə məlumatı təqdim edir:

Sinan Oğan azərbaycanlıdır və hər zaman azərbaycanlı olmasını qürurla ifadə edən şəxsdir. 1969-cu ildə İğdırda anadan olub. O, ilk ali təhsilini Türkiyənin Mərmərə Universitetində İqtisadi və idarəetmə elmləri fakültəsində alıb. 1992-ci ildə isə “Azərbaycanda iqtisadiyyat və maliyyə sektorunun struktur təhlili” mövzusunda diplom işini müdafiə edib.

2009-cu ildə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda doktorantura təhsilini tamamlayıb. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

O, 2004-cü ildə strateji təhlil və beyin mərkəzlərindən biri olan TÜRKSAM-ı təsis edib. Oğan hələ də TÜRKSAM-ın prezidenti vəzifəsini davam etdirir.

İngilis və rus dillərini mükəmməl bilir.

İğdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olan Oğan Milliyyətçi Hərəkat Partiyasının İğdır bölgəsindən millət vəkilliyinə namizədi olub. O, MHP-nin 1 nömrəli namizədi kimi Türkiyə Böyük Millət Məclisinə seçilib.

Sinan Oğan Azərbaycan sevgisini hər zaman nümayiş etdirib. Gənc yaşlarından MHP üzvü olan Oğan 90-cı illərin əvvəllərində Azərbaycanı fəaliyyət yeri kimi təsadüfən seçməyib. Hələ 1990-cı il 20 Yanvar faciəsindən dərhal sonra İğdırda bu qətliama qarşı keçirilən kütləvi aksiyaların fəallarından olub. O, 20 Yanvar, Xocalı, 31 Mart soyqırımına həsr olunan çoxsaylı tədbirlərə təşkilatçılıq edib, Azərbaycanın haqq səsinin dünyada eşidilməsi üçün əlindən gələni edib.

O, Azərbaycanın maraqlarını müdafiə edən Türkiyə Azərbaycan Dərnəyi diaspor təşkilatını da yaradıb. Təşkilatın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənib.

Oğan 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və Qazaxıstan dövləti tərəfindən Qazaxıstan Dövlət Ordeni ilə təltif edilib.

Sinan Oğan “Azərbaycan iqtisadiyyatı”, “Narıncı inqilablar”, “Siyasət və oliqarxiya” (Rusiyada) adlı kitabların müəllifidir.

Bəzi açıq məlumatlara görə, Oğan Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti müddətində onun ofisində çalışıb. 1990-cı illərdə İstanbul, İğdır, Diyarbəkir, Ankara və digər şəhərlərdə Azərbaycana dəstək mitinqlərinin əsas təşkilatçılarından biri də məhz Sinan Oğan olub.

O, MHP-nin 1 noyabr 2015-ci il seçkilərində böyük səs itkisinə məruz qalmasından sonra partiya rəhbərliyinə namizəd olacağını açıqlayıb.

Sinan Oğan həmin il iyunun 7-də keçirilən seçkilərdən sonra “MHP minimum həddən aşağı düşə bilər” yazmaqla, partiya rəhbərinin hədəfinə çevrilib. Baxçalı onun partiyadan xaric edilməsini istəyib, ancaq MHP-nin İğdır Bölgə İntizam Komitəsi sədrin tələbini rədd edib və onun partiyadan çıxarılması qərarını verməkdən imtina edib.

Dövlət Baxçalı Mərkəzi İntizam Komitəsinin əli ilə Oğanı partiyadan uzaqlaşdırıb.

Ancaq Sinan Oğan qərarla razılaşmayıb və məhkəməyə müraciət edərək, hüquqlarını bərpa etdirib, partiyaya geri qayıdıb.

İYİ Partiyanın yaradılması ilə nəticələnən 16 aprel 2017-ci il Konstitusiya referendumunda MHP-dən “xeyr” siyasəti üçün kampaniya aparıb.

Sinan Oğan o vaxtkı seçki kampaniyası zamanı MHP daxilində Maral Akşənər, Ümid Özdağ və Koray Aydınla birlikdə, “rəhbərə müxalif 4-lüy”ü formalaşdırıb.

O, 2016-cı ildə qalmaqallı qurultayda partiya sədrliyinə namizəd olmaq istəsə də, yenidən digər siyasətçilərlə birgə partiyadan xaric edilib.

Partiyadan ayrılanlar Maral Akşənərin rəhbərliyi altında İYİ Partiyasını qurarkən, Sinan Oğan prosesə qatılmayıb və kənarda qalıb.

Ümid Özdağ isə İYİ Partiyasının qurulmasında iştirak etdi və millət vəkili də seçildi. Daha sonra İYİ ilə CHP arasında ittifaqa qarşı çıxdığı üçün 2021-ci ildə partiyadan istefa verərək, Zəfər Partiyasını yaratdı.

Sinan Oğan Zəfər Partiyasının da qoşulduğu ATA İttifaqının 2023-cü il 14 may prezident seçkilərinin vahid namizədi oldu.

Teqlər: