Türkiyə dünyanın ən böyük internet ensiklopediyası olan “Wikipedia”ya girişi bağlayıb.
Sayta giriş səhər saat 08:00-dan etibarən məhdudlaşdırılıb. “Wikipedia”nın bütün dillərdə olan versiyalarına giriş mümkün olmayıb.
Saytı açmağa çalışanlar “sorğuladığınız veb ünvana giriş məhkəmə qərarı məhdudlaşdırılıb” cavabını alıb.
Məlumata görə, artıq məhdudiyyətin səbəbi açıqlanıb. İnternetin ən önəmli məlumat qaynağı olan saytla yazışmalar bir müddətdir ki, aparılırdı. İddiaya görə, saytda terrora dəstək verən, Türkiyəni terrorçularla əməkdaşlıqda ittiham edən məqalələr yer alıb və bu səbəbdən dəfələrlə xəbərdarlıq edilib. Lakin sayt bu xəbərdarlıqlara cavab verməyib. Adıçəkilən yöndə olan yazıları silməyib.
Türkiyə beynəlxlaq saytların ölkədə nümayəndəliklər açmasını, beynəlxalq hüquqa uyğun davranmasını və məhkəmə qərarlarına riayət etməsini istəyir. Məlumata görə, əgər sayt Türkiyənin istədiyi və məhkəmə qərarları ilə təsdiq edilənləri icra edərsə, yenidən fəaliyyətə başlaya bilər.