Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60 illiyinin qeyd olunması əlamətdar hadisədir – Fərhad Abdullayev

Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı
ildönümünün qeyd olunması çox böyük, əlamətdar tarixi hadisədir.
Türkiyəli həmkarlarımızın dəvətini qəbul edib bu yubiley tədbirində
böyük məmnuniyyətlə iştirak edirik.

Trend xəbər
verir ki, bunu Ankarada keçirilən “Əsas hüquq və azadlıqların
müdafiəsində Konstitusiyanın şərhi” mövzusunda beynəlxalq
simpoziumda iştirak edən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev AZƏRTAC-a açıqlamasında
deyib.

Simpoziumun əhəmiyyətini xüsusi vurğulayan Fərhad Abdullayev
ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını
xatırladaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə iki
qardaş ölkənin doğma münasibətlərinin dinamik inkişafı
məhkəmə-hüquq sahəsində də sıx faydalı əməkdaşlığın daim yüksək
səviyyədə saxlanılmasının əsasını təşkil edir. “Azərbaycan olaraq
hər zaman Konstitusiya Məhkəməsi sahəsindəki təcrübəmizi bölüşürük.
Eyni zamanda, türkiyəli həmkarlarımızın fəaliyyəti ilə yaxından
tanış olmaq bizim üçün faydalıdır”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət və
qazandığı parlaq Qələbədən bəhs edən Fərhad Abdullayev deyib ki,
bütün Türkiyə xalqı kimi, qardaş ölkənin Konstitusiya Məhkəməsinin
sədri Zühtü Arslan və onun həmkarları da davamlı olaraq Azərbaycana
öz dəstəklərini nümayiş etdiriblər.

Əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirən Konstitusiya
Məhkəməsinin sədri bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv
olan ölkələrin Konstitusiya Məhkəməsi Şurasının təsis edilməsi
nəzərdə tutulub. Bu qurum ortaq təcrübənin öyrənilməsi və
Konstitusiya Məhkəməsi sahəsində uğurları daha da artırmaq
baxımından çox faydalı olacaq.

Teqlər: