Türkiyənin Mersin vilayətində tikintisi davam edən “Akkuyu” Atom Elektrik Stansiyasında (AES) dördüncü və sonuncu reaktorun təməli qoyulub.
AzerTimes xəbər verir ki, təməlqoyma mərasimi Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezin iştirakı ilə baş tutub.
Keçən il üçüncü reaktorun təməlinin qoyulduğunu xatırladan nazir Türkiyənin ilk atom elektrik stansiyası layihəsi olan “Akkuyu” AES-də işlərin planlaşdırıldığı kimi davam etdiyini deyib.
Bildirilib ki, təxminən 70 ildir 30-dan çox ölkə nüvə enerjisindən istifadə edir və 440 aktiv reaktor qlobal elektrik enerjisinə olan tələbatın təxminən 10 faizini ödəyir.
Dünyada 54 reaktorun tikilməkdə olduğunu qeyd edən nazir Dönmez qeyd edib ki, xüsusilə pandemiyadan sonra artan enerji tələbatının qarşılanması və qlobal emissiyaların azaldılması baxımından nüvə mühüm bir seçim olaraq bütün dünyanın qarşısında dayanır.
AES-in Türkiyə Cumhuriyyətinin qurulmasının 100-cü ildönümündə açılması planlaşdırılır.