Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Trend xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Rusiya-Ukrayna problemi çərçivəsində son prosesləri müzakirə etmiş və nazir Mövlud Çavuşoğlu gərginliyin dialoq yolu ilə azaldılması istiqamətində Türkiyənin səyləri barədə həmkarını məlumatlandırıb.
Bildirilir ki, telefon danışığında Suriyanın şimalındakı problemlər müzakirə olunub və nazir Mövlud Çavuşoğlu diqqəti PKK-YPG-nin Suriyadakı separatçı fəaliyyətinə və mülki əhaliyə hücumlarına çəkib.
Tərəflər, həmçinin Qafqazdakı son vəziyyəti və Ermənistanla normallaşma prosesini müzakirə ediblər. Nazir Mövlud Çavuşoğlu həmkarını martın 11-dən 13-dək keçiriləcək Antalya Diplomatik Forumuna dəvət edib.
ABŞ-ın dövlət katibi Entoni Blinken COVID-19 infeksiyasına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə Ərdoğana sağlamlıq arzusunu ifadə edib.