Türkiyə Ukraynada tezliklə atəşkəsin əldə ediləcəyinə ümid edir – Hulusi Akar

Türkiyə Ukraynada tezliklə atəşkəsin, sülh haqqında razılığın
əldə edilməsinin və dinc əhalinin döyüş bölgələrindən təhlükəsiz
təxliyyəsinin təmin edilməsinin tərəfdarıdır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri
Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Türkiyə hakimiyyəti, o cümlədən şəxsən
Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada hərbi əməliyyatların tez
bir zamanda dayandırılması üçün hər cür səy göstərir.

Onun sözlərinə görə, Ankara bölgədəki bütün fikir ayrılıqlarının
beynəlxalq hüquq çərçivəsində, dinc dialoq yolu ilə həllinin
tərəfdarıdır. “Türkiyə ümid edir ki, qonşu dövlətlər regionda
gərginliyi artırmağa yönəlmiş addımlardan imtina edəcəklər.
İkitərəfli münasibətlərdə çıxılmaz vəziyyətə yol verilməməlidir”, –
deyə H.Akar bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri öz ölkələrinin
mənafeyini qorumaqla yanaşı, lazım gələrsə, dost və qardaş ölkələrə
də kömək əli uzadır.

H.Akar ölkəsinin regionda terrorizmin təzahürlərinə qarşı
mübarizədə qətiyyətini vurğulayıb.

O qeyd edib ki, Türkiyənin terrorla mübarizədə yeni mərhələnin
başladığını elan etdiyi 24 iyul 2015-ci il tarixindən bu günə qədər
bölgədə 33 926 terrorçu zərərsizləşdirilib.