Türkiyə Ukraynada sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir – Ərdoğan

Türkiyə Ukraynada sülhün bərqərar olmasına yönəlmiş bütün
təşəbbüsləri dəstəkləyir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan NATO-nun mənzil qərargahında keçirilən mətbuat konfransında
çıxışı zamanı deyib.

“Biz hər iki tərəflə diplomatik təmasdayıq, bütün təklifləri
müzakirə edirik və sülhün bərqərar olmasına yönəlmiş bütün
təşəbbüsləri dəstəkləyirik”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə Prezidenti böhran vəziyyətində liderlik keyfiyyətlərinə
görə NATO-nun baş katibi Yens Stoltenberqə təşəkkür edib: “Bu
səylər təkcə Avropanın deyil, bütün dünyanın təhlükəsizliyi üçün
vacibdir”.

Onun sözlərinə görə, Türkiyə coğrafi mövqeyinə, Rusiya və
Ukrayna ilə xüsusi münasibətlərinə görə xüsusi mövqe tutur.

“Rusiya və Ukrayna bizim qonşumuzdur. Ukrayna ilə
münasibətlərimiz uzun tarixə malikdir, çoxtərəfli əməkdaşlığa
əsaslanır və strateji tərəfdaşlığa nail olunub. Rusiya ilə
münasibətlər qarşılıqlı təhlükəsizlik və dialoq prinsipləri
üzərində qurulub. Türkiyə 11 ildir ki, Suriya müharibəsinin yükünü
təkbaşına daşıyır. Biz hərbi münaqişələr nəticəsində yaranan
humanitar problemləri yaxşı bilirik. Bu səbəbdən Türkiyə
diplomatiyasının birinci vəzifəsi döyüşləri dayandırmaqdır.
Ukraynada sülh iki ölkəyə və dünya ictimaiyyətinə uyğun olan
formulla təmin edilməlidir. Bu, möhkəm və dayanıqlı sülh
olmalıdır”, – deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan əlavə edib ki, “sülhə nail olmaq üçün əsas prinsip
Ukraynanın ərazi bütövlüyü və suverenliyidir və bütün danışıqlar bu
prinsiplər çərçivəsində aparılmalıdır”.

“Biz 63 mindən çox dinc sakinin hərbi əməliyyatlar aparılan
ərazilərdən təxliyəsinə nail olduq. Türkiyə vətəndaşların əsas
ehtiyacları üçün 56 yük maşını humanitar yardım göndərib. 60 mindən
çox Ukrayna vətəndaşını qəbul edib sığınacaq verdik. ATƏT-in
Ukraynadakı müşahidə missiyasının 142 üzvü İstanbul vasitəsilə
təxliyə edilib. Son 8 ildə Türkiyə 5 milyon qaçqına qapısını açıb
ki, bu da dünyanın hər bir ölkəsində olduğundan çoxdur. Türkiyə
fəal və prinsipial siyasət yürüdür. Siyasətimizin əsas şərti NATO
çərçivəsində Avro-Atlantik məkanın təhlükəsizliyidir”, – deyə
Türkiyə dövlət başçısı qeyd edib.

R.T.Ərdoğan bildirib ki, Avro-Atlantik Alyans yaranan
təhlükələrə adekvat davranmalıdır, burada real və strateji yanaşma
lazımdır.

“Biz bütün ölkələrin diqqətinə çatdırmağa borcluyuq ki, NATO
sammitində qəbul edilən qərarlar üçüncü dövlətlərə qarşı
yönəlməyib, heç kəsi təhdid etmir. Bizim səylərimiz dünyanın
təhlükəsizliyinə xidmət edir. Türkiyə müttəfiqlik prinsiplərinə
sadiqdir və bunu sözdə deyil, əməldə nümayiş etdirir. Hərbi
sənayemiz keyfiyyətcə yeni səviyyəyə qalxmışdır ki, bu da hərbi
potensialın genişlənməsini göstərir. Bəzi tərəfdaşlarımız
tərəfindən hərbi sənayemizə qoyulan məhdudiyyətləri aradan
qaldırmağın vaxtıdır”, – deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla
qlobal təhlükəsizliyin arxitekturasının ciddi islahatlara ehtiyacı
var.