Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılması və Moskva
ilə Kiyev arasında davamlı sülhün əldə edilməsi üçün bütün lazımi
səyləri göstərməyə davam edəcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti Türkiyədə
akkreditasiya olunan səfirlər üçün təşkil olunan “Səfirlər üçün
ənənəvi iftar proqramı”ndakı çıxışında deyib.
“İki qonşumuz arasında atəşkəsə, sonra isə davamlı sülhə nail
olmaq insanlıq naminə edilən ən yaxşı işlərdən biri olacaqdır”, –
deyə Türkiyə prezidenti bildirib.
Dövlət başçısı qeyd edib ki, İstanbulda Rusiya-Ukrayna
danışıqlarının “tərəfləri və beynəlxalq ictimaiyyəti qane edən”
nəticəsinin əldə edilməsi üçün Türkiyə səylərini davam
etdirəcək.
Ərdoğan bildirib ki, Ukrayna böhranının sülh yolu ilə həlli
dialoq və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması
əsasında tapıla bilər.
“Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin
tərəfdarı olduqlarını bildirirlər. Zelenski və Putinlə müntəzəm
olaraq telefon danışıqlarım olur. Mən hər fürsətdə iki lideri
Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm”, – deyə Türkiyə
prezidenti əlavə edib.