Türkiyə S-400-ləri Ukraynaya göndərməlidir təklifi real deyil – Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin
rəhbəri Fəxrəddin Altun Amerikanın “The Wall Street Journal”
qəzetində dərc olunan və Türkiyənin Ukraynaya S-400 hava hücumundan
müdafiə sistemini Ukraynaya göndərməsini tövsiyə edən məqaləyə “Bu
fikir heç də real deyil” fikri ilə cavab verib.

Trend xəbər verir ki, martın 18-də “The Wall Street Journal”
qəzetində dərc olunan məqalədə “Türkiyənin Ukraynaya “S-400” hava
hücumundan müdafiə sistemi göndərməklə atacağı addımın Ukraynanın
təcili ehtiyacını ödəyəcəyi, həmçinin ABŞ-ın Türkiyəyə “Patriot”
zenit-raket kompleksləri satışı və Türkiyənin F-35 proqramına
yenidən daxil edilməsinə zəmin yaradaraq ABŞ-Türkiyə
münasibətlərini düzəldəcəyi bildirilib.

Məqalə ilə bağlı verdiyi açıqlamasında sözügedən ideyanın heç də
real olmadığını, ancaq Türkiyənin son illərdə Qərblə yaşadığı
problemləri müzakirə etmək üçün bir fürsət verdiyini bildirən Altun
Türkiyənin Rusiyadan S-400 alması qərarı ilə bağlı ABŞ tərəfindən
verilən bütün açıqlamalarda Türkiyənin əvvəlcə ABŞ-la görüşdüyünü
lakin ABŞ-ın “Patriot” zenit-raket kompleksləri satmaqdan imtina
etdiyinin görməməzliyə vurulduğuna diqqət çəkib.

Türkiyənin dünyanın ən təhlükəli və qeyri-sabit bölgələrindən
birində yerləşdiyini vurğulayan Altun “Üzləşdiyi təhdidlər və
ABŞ-ın rədd cavabı sehrli şəkildə aradan qalxmadığı üçün Türkiyə
alternativ sistemlər axtarmalı oldu. Sabiq prezident Donald Tramp
da vəzifədə olarkən bunu qəbul etmişdi. Ona görə də o zaman
Türkiyənin Patriot almaq variantı aradan qaldırıldı. Bundan əlavə,
Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin son həddə çatdığı
bir vaxtda müttəfiqlərimizin ölkəmizdən “Patriot” zenit-raket
komplekslərini necə çıxardığını hələ unutmayıb. Bu təcrübələrə görə
Türk xalqı artıq “Patriot”ların tədarükü ilə bağlı Qərbin verdiyi
heç bir “qeyri-rəsmi öhdəliyi” ciddi qəbul etmir. Türkiyənin siyasi
səbəblərə görə F-35 proqramından qeyri-qanuni olaraq
kənarlaşdırılması, Türkiyəyə mükafat olaraq təqdim edilən “proqrama
təkrar qatılmaq” ideyasını ciddi qəbul etməsini də çətinləşdirir.”,
– deyə bildirib.

Türkiyənin Qərbin bütün mane olma cəhdlərinə baxmayaraq hazırda
Ukraynanın da inventarında yer alan “Bayraktar” pilotsuz uçuş
aparatını dizayn edib istehsal etdiyini qeyd edən Altun “Məsələn,
Kanada Türkiyəyə silah satışını qadağan etdi. Lakin NATO
müttəfiqləri arasında müdafiə sahəsində əməkdaşlığın mənasız
şəkildə siyasiləşdirilməsi, Türkiyənin xarici dövlətlərdən
asılılığını azaldıb və türk şirkətlərini yeniliklər etməyə sövq
edib.”, – deyib.

F.Altun 70 illik NATO müttəfiqi və bir çox kritik bölgədə
stabilləşdirici aktyor olan Türkiyə ilə münasibətlərin
normallaşmasının Qərbin və xüsusilə ABŞ-ın üzərinə düşdüyünü
vurğulayaraq bunları bildirib:

“Avropa Birliyinə üzvlüyünü strateji məqsəd, NATO müttəfiqliyini
qürur mənbəyi kimi görən Türkiyə Qərbdən layiq olduğu dəstəyi
alacağını gözləyir. Bu münasibətləri bərpa etmək üçün qeyri-rəsmi
təkliflər deyil inam artırıcı addımlar lazımdır. Qərbin bu gün
etməsi lazım olan F-35 döyüş təyyarələri və Patriot zenit-raket
komplekslərini ilkin şərt olmadan Türkiyəyə çatdırmaqdır.”

Teqlər: