Türkiyə Putinlə Zelenski arasında görüşün təşkil edilməsini əsas vəzifə adlandırıb

Türkiyə Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və
Volodimir Zelenski arasında görüş təşkil etməyi özünün əsas
vəzifəsi hesab edir.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Qətərin “Al
Jazeera” telekanalına müsahibəsində deyib.

“Biz hər iki tərəflə əlaqə kanallarımızı açıq saxlayırıq. Bu,
çox vacibdir, bizim səylərimiz Rusiya və Ukrayna prezidentləri
arasında birbaşa görüş təşkil etməyə yönəlib. Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda Moskvaya səfər edərək
danışıqlar apardı”, – deyə İ.Kalın bildirib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir
Zelenski ilə əlaqə saxlayıb. İ.Kalın əlavə edib ki, Türkiyə
Ukraynada tezliklə atəşkəsə nail olmaq üçün bütün kanallardan
istifadə edir.

“Tərəflər Belarusda texniki səviyyədə görüşür. Nazirlər
səviyyəsində ilk görüş Antalyada Diplomatik Forum çərçivəsində baş
tutub. Bu gün əsas vəzifə iki ölkə lideri arasında görüş təşkil
etməkdir”, – deyə İ.Kalın vurğulayıb.