Türkiyə nüvə enerjisini sülh məqsədləri üçün inkişaf etdirməkdə qərarlıdır.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gənc Sahibkarları Konfederasiyasının toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı müasir dünyada enerji resurslarının əhəmiyyətinə diqqət çəkib. R.T.Ərdoğan xatırladıb ki, dünya bazarlarında qiymətlərin kəskin artmasının səbəbi əsasən qaz, neft və kömür də daxil olmaqla enerji qiymətlərinin artmasıdır.
Türkiyə Prezidenti qeyd edib ki, Mersindəki “Akkuyu” AES-dən sonra Türkiyə ikinci atom elektrik stansiyası layihəsinə start verəcək.
“Enerji layihələrində təxribat törətməyə çalışanlar vətəndaşların və iqtisadiyyatın mənafeyinə və iradəsinə zidd fəaliyyət göstərirlər. Belə addımlarda iştirak edənlər xalq qarşısında cavab verəcəklər”, – deyə Türkiyə Prezidenti bildirib.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə hakimiyyəti ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil etməyi hədəfləyir. “Türkiyə addım-addım qoyduğu hədəfə yaxınlaşır. Ölkəmiz qlobal istehsal və ixracın tanınmış mərkəzinə çevrilir”, – deyə Türkiyə Prezidenti bildirib.