Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxtdir – Qusman

Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxtdir – Qusman

TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında çəkdiyi filmin Moskvada təqdimat mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, təqdimatı Türkiyənin Moskvadakı səfirliyində keçirilən film “Hakimiyyət formulu” adlı silsilə televiziya verilişləri çərçivəsində çəkilib.

Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Azərbaycanın səfiri Polad Bülbüloğlu, bir sıra ölkələrin səfirləri iştirak ediblər.

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar qeyd edib ki, Mixail Qusman “Hakimiyyət formulu” adlı verilişlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bir neçə dəfə görüşüb.

“Sənədli film Prezident Ərdoğanın müstəsna siyasi karyerasını, onun müdrik liderliyini oxuculara çatdırır. Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən rəhbərliyi ilə biz Türkiyə Yüzilliyinə daxil oluruq. Bu yeni dövrdə qarşıya qoyulmuş məqsədlər arasında regionda və bütün dünyada sülhün bərqərar olunmasına səy göstərmək də yer alıb”, – deyə səfir bildirib.

Diplomat vurğulayıb ki, Türkiyə Rusiya ilə bütün sahələrdə münasibətləri möhkəmləndirməkdə qərarlıdır. O, həmçinin Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabını təqdim edib.

Mixail Qusman Prezident Rəcəb Tayyib Ərdoğan ilə ilk dəfə onun hələ Baş nazir olduğu dövrdə görüşdüyünü xatırlayaraq deyib: “Bundan sonra biz onunla dörd dəfə təkcə müsahibə səbəbi ilə və bir neçə dəfə müsahibədənkənar görüşmüşük. Onun heyrətamiz, təsiredici siyasi karyerasını müşahidə etmək imkanına malik olduğum üçün deməliyəm ki, mənim fikrimcə, Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxt ölkədir”.

Teqlər: