Xəbər verildiyi kimi, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin mayın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, mayın 30-da Kamran Əliyev və Bəkir Şahin Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.
Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Eləcə də hər iki ölkənin Baş prokurorları tərəfindən Türkiyə Cümhuriyyətinin banisi, Türkiyənin Qurtuluş savaşında Türk Milli Hərəkatının öndəri Qazi Mustafa Kamal Atatürkün şərəfinə Bakıda ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
Səfər çərçivəsində nümayəndə heyəti İçərişəhərdə UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olublar. Eksponatlar barədə qonaqlara ətraflı məlumat verilib.
Səfər zamanı, həmçinin qonaqlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunduğu Hərbi Qənimətlər Parkında olublar.
Qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqların böyük marağına səbəb olub.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.