Xəzər rayonu, Türkan qəsəbəsinin müxtəlif ərazilərində
tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik
Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini
tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov AzerTimes-a bildirib ki, qəsəbənin bir
neçə yerində tullantıların qalaqlanması faktı müəyyənləşdirilib və
əraziyə cavabdeh Xəzər rayonu, Türkan qəsəbəsi üzrə İcra
Nümayəndəliyi tərəfindən həmin sahələrin təmizlənməsi təmin edilib:
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların
qanunvericiliyə uyğun idarə olunması məqsədilə Türkan qəsəbəsi üzrə
icra nümayəndəsi Rövşən Quliyevə məcburi göstəriş verilib”.
Xidmət rəsmisi tullantıların idarə olunmasına cavabdeh şəxsləri
fəaliyyətlərini qanunamüvafiq həyata keçirməyə, sakinləri isə
tullantıları müəyyən olunmuş sahələrə atmağa və təmizliyə riayət
etməyə çağırıb: “Tullantı atan da özümüzük, bundan şikayət edən də.
Belə xoşagəlməz vəziyyətin yaranmaması üçün yaşadığımız mühiti
zibilləməyək və ətraf mühitin çirklənməsinə şərait yaratmayaq”.