Türk Şurası nazirlərinin Bakı görüşü qarşılıqlı investisiya üçün önəmli addımdır – Türkiyə Ticarət və Sənaye Palatası

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasının keçirilməsi qarşılıqlı investisiya üçün önəmli addımdır.

AzerTimes-ın məlumatına görə, bunu TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildiriblər.

TOBB-dan bildiriblər ki, türkdilli ölkələrdə münbit investisiya mühiti mövcuddur:

“Bakı görüşü Türkiyə investorlarının Azərbaycana olan böyük marağını daha da artıracaq”.

Qeyd olunub ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi azad olunmuş ərazilərdə də yeni investisiya mühiti yaradıb:

“Türk şirkətləri Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak etməkdə, eyni zamanda qardaş Azərbaycana investisiya həcmini artırmaqda maraqlıdır. Bütün bunlarla yanaşı, Türkiyə öz ərazisində Azərbaycan investisiyalı şirkətlərin də artmasında maraqlıdır”.


TOBB-dan onu da bildiriblər ki, Türkiyədə Azərbaycanın investisiya qoyduğu şirkətlərin sayı artıb:

“Bu ilin yanvar-iyul aylarının statistikasına görə, Türkiyədə Azərbaycan kapitallı 136 şirkət qurulub və bu da keçən ilin eyni dövrü ilə müqayisədə 77 şirkət çoxdur”.

Məlumata əsasən, Azərbaycan kapitallı şirkətlərin böyük əksəriyyəti İstanbulda yaradılır və 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınıb.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası keçirilib.

İclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə baş tutub.

Teqlər: