Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin iclası Şamaxıda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) turizm nazirlərinin 7-ci
iclası 24 may 2022-ci il tarixində Azərbaycanın Şamaxı şəhərində
keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə TDT-nin
mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyevin ev sahibliyi və TDT-nin Baş
katibi Bağdad Amreyevin moderatorluğu ilə keçirilən nazirlərin
iclasında TDT-yə üzv və müşahidəçi dövlətlərin turizm üzrə məsul
nazirlərinin, habelə yüksək vəzifəli dövlət rəsmiləri, turizm
sahəsində məsul ekspertlər və Azərbaycandakı diplomatik
nümayəndəliklər iştirak edəcək.

“İclasda təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri
arasında uçuş sayının artırılması, İpək Yolu Turizminin
potensialının üzə çıxarılması – bilik və təcrübə mübadiləsi,
“Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı”
layihələrinin həyata keçirilməsi, Qış və Qolf turizmi sahəsində
əməkdaşlıq, səyahət imkanlarının araşdırılması, Səyahət
Agentlikləri Assosiasiyaları ilə Üzv və Müşahidəçi Dövlətlərin
digər qurumları arasında əlaqələrin qurulması məsələləri müzakirə
olunacaq.

Tərəflər, həmçinin, “Türk Dünyası Turizm Paytaxtı Əsasnaməsi”ni
və “Türk Dövlətləri Təşkilatının Turizm Yol Xəritəsi”ni də nəzərdən
keçirərək təsdiq edəcəklər”, – deyə məlumatda bildirilib.

Teqlər: