Azərbaycanda tezliklə yay fəsli başlayır. Vətəndaşlar əsasən bu
fəsildə istirahət etməyə üstünlük verirlər. Bu səbəbdən turizm
firmalarına üz tutanların sayı da artır.
Lakin bəzi tur firmaları insanları aldadıb, pulunu mənimsəyir,
ya da reklamlarında təqdim etdikləri xidməti vətəndaşlara
göstərmirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Dövlət Turizm Agentliyinin
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar
Mustafayeva bildirib ki, turizm firmalarına nəzarət mexanizmi
yoxdur.
Onun sözlərinə görə, turizm şirkətləri 2015-ci ildən
lisenziyasız fəaliyyət göstərirlər.
“Şirkətlər Dövlət Vergi Xidmətində hüquqi və fiziki şəxs kimi
qeydiyyatdan keçib, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün
VÖEN əldə edirlər. Bəzi turizm firmalarının vətəndaşları
aldatmaları ilk hal deyil. Biz vətəndaşlara tövsiyə edirik ki,
turizm firmalarına ödəniş edərkən həmin şirkəti mütləq
araşdırsınlar”.
G.Mustafayeva qeyd edib ki, yeni imzalanan “Turizm haqqında”
qanuna əsasən Turizm Reyestri fəaliyyətə başlayacaq:
“Turizm Reyestrinin hazırlanması üzərində işlər aparılır. Bu
onlayn platforma proqram təminatı olacaq. Turizm Reyestri hazır
olduqdan sonra turizm agentlikləri, turizm firmaları reyestrdə
qeydiyyatdan keçməli olacaqlar. Onların etibarlılığı haqqında daha
dəqiq məlumatlar reyestrdə toplanacaq. Turizm şirkətlərin reytinq
cədvəlləri də formalaşdırılacaq. Artıq istehlakçılar turizm
şirkətini seçərkən reyestrə daxil olaraq reytinq cədvəlinə uyğun
olaraq oradan inamlı şirkətləri seçə biləcəklər”, – deyə o əlavə
edib.