Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti proqram üzrə fəaliyyətini başa vurub.
AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirərək radiomonitorinq aparıb. Prosesdə həmçinin, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin, eləcə də Audiovizual Şuranın mütəxəssisləri iştirak ediblər.
Nümayəndə heyəti səfərlə bağlı yekun hesabat hazırlayıb Azərbaycan tərəfinə təqdim edəcək. Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaq.
Qeyd edək ki, TRT nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 16-dan 19-dək davam edib.