Trend BİA ilə Özbəkistanın UzA İnformasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO/VİDEO)

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə
Özbəkistanın nüfuzlu media qurumlarından biri olan UzA Milli
İnformasiya Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb. Memorandumu Trend BİA-nın baş direktor müavini Rufiz
Hafizoğlu və UzA Milli İnformasiya Agentliyinin baş direktorunun
1-ci müavini Sobir Şükürov imzalayıb.

Sənədə əsasən UzA Milli İnformasiya Agentliyi və Trend BİA
qarşılıqlı xəbər mübadiləsi aparacaqlar.

İmzalanma mərasimində çıxış edən Milli Məclisin deputatı Sevil
Mikayılova Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyevanın məhz Azərbaycan mediasının inkişafına yönəlik səyləri
nəticəsində bu gün Azərbaycan mediasının sözün əsl mənasında çox
böyük bir inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən Trend BİA-nın baş direktor müavini Rufiz
Hafizoğlu və UzA Milli İnformasiya Agentliyinin baş direktorunun
1-ci müavini Sobir Şükürov da sənədin Azərbaycan və Özbəkistan
arasında media əlaqələrinin daha da inkişaf etməsinə töhfə
verəcəyini bildiriblər.

Media agentlikləri arasında yaranan bu əməkdaşlıq Özbəkistan və
Azərbaycan həqiqətlərinin həm iki ölkədə, həm də dünyada bir çox
dillərdə yayılmasına imkan yaradacaq. Özbəkistanın Milli
İnformasiya Agentliyi 10 dildə fəaliyyət göstərir. Agentlik
ictimai-siyasi, iqtisadi, mədəni sahələri əhatə edən xəbərləri həm
ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş oxucu
auditoriyasına çatdırır.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva Azərbaycanda peşəkar və müstəqil medianın inkişafına dəstək
verir, ölkədə jurnalistikaya daim diqqət və qayğı ilə yanaşır.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan mediası yeni inkişaf
mərhələsindədir.

Azərbaycan mətbuatı ölkənin haqq səsinin dünyaya
çatdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə
təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə
çalışır. Trend BİA ilə UzA İA arasında əməkdaşlıq Azərbaycan və
Özbəkistanda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafına
öz dəstəyini verəcək.

Teqlər: