Travmatologiya üzrə beynəlxalq kurslar keçirilib (FOTO)

Travmatologiya və ortopediya son illərdə elmi və texnoloji inkişaf nəticəsində tibbin ən çox inkişaf və genişlənən sahələrindən birinə çevrilmışdir. Həkimlər üçün beynəlxalq kursların keçirilməsi teoretik və praktiki bacarıqlarının artırılması nəzərindən çox vacibdir.

Noyabrın 3 Bakıda Radisson Blyu otelində 42 həkimin iştirakı ilə travmatologiya üzrə “Bud-çanaq oynağı və bud sümüyünün sınıqları” mövzusunda beynəlxalq kurslar keçirilmişdir. Biz kursun sədri Azərbaycan elmi tədqiqat travmatologiya və ortopediya institutunun baş elmi işçisi, Beynəlxalq AO Travma təşkilatının Azərbaycan bölməsinin rəhbəri, tibb elmləri doktoru Aydın Qəhrəmanovla kurslar haqqında danışırıq.

Zəhmət olmasa AO kursların məqsədi haqqnda məlumat verin?

Travmatoloq-ortopedlərin Beynəlxalq AO travma təşkilatı 63 il əvvəl Avropada yaradılmışdır. Bu gün AO travma təşkilatı demək olar ki dünyanın əksər ölkələrini əhatə edən travmatologiya və ortopediya sahəsində ən böyük cəmiyyətdir. AO-nun əsas məqsədi travmatologiyada istifadə olunan yeni implantların və cərrahi üsulların tətbiqi, travmatoloqların nəzəri və praktiki bacarıqlarının təkmilləşdirilməsidir. Travmatoloqların bilik və hazırlığını artırmaq, müasir müalicə üsullarını tətbiq etmək və bununla da xəstələrin müalicə keyfiyyətini artırmaq məqsədilə AO bütün dünyada kurslar və seminarlar təşkil edir.

Hər bir kurs müəyyən bir mövzuya həsr olunub oynaqların və sümüklərin ayrı-ayrı seqmentlərinin diaqnostikası, müalicəsi məsələlərini əhatə edir. Kurslarda cərrahi müalicəyə müasir yanaşmaların bütün məsələlərini əhatə edən mühazirələr proqramı əvvəlcədən tərtib edilir. Kurslardan sonra iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikatlar verilir.

Azərbaycanda AO kursları nə vaxtdan keçirilir?

AO kursları 2017-ci ildən ölkəmizdə keçirilir. Biz AO Trauma beynəlxalq təşkilatına üzv olduğumuzdan sonra bu müddət ərzində Azərbaycanda 3 kurs keçirilib. Sonuncu 2019-cu ildə idi. Təəssüf ki, keçən il pandemiya səbəbindən kursu keçirə bilmədik. Kursumuz bu il məhdudiyyətlər götürüldükdən sonra baş tutdu. Bu, həm də beynəlxalq təlimatçıların iştirakı ilə son 2 ildə respublikamızda travmatologiya sahəsində həkimlər üçün ilk təlim kurslarıdır.

Müəllimlər hansı ölkələrdən idi?

Kurslarda müəllimlər İngiltərə, Türkiyə və İsveçdən idi. Sevindirici haldır ki kuslarda həm də Azərbaycandan müəllimlər məruzələr oxuyurdular. Professor Qələndər Canbaxışov çox təcrübəli, dərin biliyə malik AO-nun sertifikatlı təlimatçısıdır.

Kurs hansı mövzuya həsr edilmişdir?

Kursun mövzusu “Bud-çanaq oynağı və bud sümüyünün sınıqları” idi. Mövzu travmatologiya üçün çox aktualdır. Kurslar zamanı mühazirələrdə iştirakçılara bud sümüyünün sınıqlarının diaqnostik üsulları və müalicəsində yeni yanaşmalar haqqında ətraflı məlumatlar çatdırılmış, praktik tövsiyələr verilmiştir. Yenilik ondan ibarət idi ki, mühazirələrin mövzusuna həm də süni bud-çanaq və diz oynaqlarının ətrafındakı sınıqların, yəni oynaqların dəyişdirilməsindən sonra periprostetik adlandırılan sınıqların müalicəsi üçün praktiki tövsiyələr alqoritmi daxil edilmişdir.

Bu sınıqların xüsusiyyəti nədir?

Periprostetik sınıqların müalicəsi travmatologiya və ortopediyada ən çətin məsələlərindən biridir. Çətinlik təkcə sınmış sümüyü düzəltməkdə deyil, həm də sınığın düzgün diaqnozunda və alqoritmə uyğun müalicənin seçilməsindədir. Yəni sınığın xüsusiyyətlərindən asılı olaraq, sınıq sümüyü düzəltmək və süni oynağı qorumaq mümkündür . Bəzi hallarda isə sınığı fiksasiya etməklə yanaşı, süni oynağın özünü daha mürəkkəbə dəyişdirmək lazım gəlir. Qeyd etməliyəm ki oynaqların dəyişdirilməsi və son illərdə oynaq dəyişdirildikdən sonra fəsadların müalicəsi ölkəmiz üçün aktualdır. Bununla əlaqədar biz ilkin artroplastika, yəni oynaqların dəyişdirilməsi ilə bağlı ən başlanğıc etaplar ilə bağlı ayrıca kurslar keçirməyi planlaşdırırıq. Çünki əksər hallarda əsas problemlər və ağırlaşmalar adətən oynaqların dəyişdirilməsinin ilkin mərhələsi ilə bağlıdır.

Gələcəkdə kursların keçirilməsi planlanırmı?

AO təşkilatının əsas məqsədi travmatoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsinə kömək etməkdir. Və bu məqsədlə həkimlərimiz üçün beynəlxalq kursların, seminarların keçirilməsi çox vacibdir. Azərbaycan travmatoloqları yüksək səviyyəli təhsilə, xəstələrimiz isə keyfiyyətli müalicəyə layiqdirlər. Gələcəkdə də AO kurslarının ölkəmizdə keçirilməsi nəzərdə tutulur.

Teqlər: